media-1774162210_netanyahu-aa-2380565

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-ın Qəzzada münaqişənin nizamlanması ilə bağlı hazırladığı sülh planına tam razılıq verməməsi Vaşinqtonla Təl-Əviv arasında fikir ayrılıqlarını dərinləşdirib.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Netanyahu planın icrasına yalnız HƏMAS-ın tamamilə tərksilah olunacağı halda razılaşa bilər.

Onun sözlərinə görə, İsrail baş naziri HƏMAS tərksilah edilməyənədək İsrail hərbçilərinin Qəzzadan çıxmayacağını bəyan etməklə Vaşinqtonu çətin vəziyyətə salıb. ABŞ administrasiyası 15 bənddən ibarət planın hazırlanmasına ciddi vaxt və siyasi resurs sərf edib. Buna görə də İsrailin sənədə əsas şərtlərlə yanaşması Vaşinqtonun planının həyata keçirilməsini çətinləşdirir.

Elxan Şahinoğlu qeyd edib ki, hazırda ABŞ və İsrail rəsmiləri arasında danışıqlar davam edir və Donald Tramp xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşneri İsrailə göndərməklə Netanyahunu planın qəbuluna razı salmağa çalışır.

“Ancaq Netanyahu Qəzza ilə bağlı plana razı olsaydı, bunu bir müddət əvvəl Vaşinqtona səfəri və Donald Trampla görüşü zamanı elan edərdi. Görünən odur ki, Netanyahu güzəştə hazır deyil. İsrailin baş naziri nə Qəzza məsələsində, nə də Fələstin dövlətinin tanınması istiqamətində geri addım atmaq niyyətindədir”, – deyə siyasi şərhçi vurğulayıb.

Bununla belə, Elxan Şahinoğlunun fikrincə, Vaşinqtonun irəli sürdüyü planı rədd etmək Netanyahu üçün də risklər yaradır. Çünki ABŞ İsrailin əsas strateji müttəfiqidir və Ağ Evin narazılığı Təl-Əviv üçün mürəkkəb geosiyasi vəziyyət yarada bilər.

Siyasi şərhçi hesab edir ki, İsrail Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli ittifaqın elanını da öz siyasəti baxımından ciddi məsələ kimi qiymətləndirir. Bu üç ölkə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir və İsrailin hazırkı siyasətinə münasibətdə ortaq mövqedə çıxış edirlər.

“Vaşinqton üçlü ittifaqın formalaşmasına xüsusi sərt reaksiya vermədi. ABŞ-ın bu üç dövlətin hər biri ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı var. Vaşinqtonda hesab edirlər ki, yeni format bölgədə ABŞ-ın əsas rəqibi olan İranın qarşısının alınmasına xidmət edə bilər. Ancaq üçlü ittifaq yalnız İran məsələsində deyil, İsrailin siyasətinə münasibətdə də ortaq mövqeyə malikdir. Pakistan rəsmiləri bunu ittifaq elan edildikdən sonra açıq şəkildə etiraf ediblər”, – deyə Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Pakistanın müdafiə nazirinin digər müsəlman ölkələrini də üçlü ittifaqa qoşulmağa və İsrailə qarşı mübarizəni gücləndirməyə çağırması Təl-Əvivin narahatlığını daha da artırır.

Elxan Şahinoğlu hesab edir ki, yaranmış mürəkkəb geosiyasi şəraitdə İsrail azsaylı tərəfdaşlarla münasibətlərini daha da möhkəmləndirməyə çalışır. Bu baxımdan Netanyahu ilə Hindistanın baş naziri Narendra Modi arasında keçirilən telefon danışığı diqqət çəkir.

Telefon danışığı zamanı Hindistan və İsrail arasında xüsusi strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə inkişafı, eləcə də Yaxın Şərqdəki cari vəziyyət müzakirə olunub. Tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

“Diqqətçəkən məqam ondan ibarətdir ki, Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan üçlü ittifaqının elan edilməsi ilə Netanyahunun Narendra Modi ilə telefon danışığı eyni günə təsadüf edib. Bu da İsrailin regionda və onun ətrafında dəyişən geosiyasi mənzərə fonunda Hindistan kimi tərəfdaşlarla münasibətlərə xüsusi əhəmiyyət verdiyini göstərir”, – deyə siyasi şərhçi əlavə edib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər