media-310579

Azərbaycan əsilli siyasi fəal İradə Əliyeva İsveçdə uzun illərdir davam etdirdiyi siyasi fəaliyyətini uğurla davam etdirir.

ERAmedia xəbər verir ki, 2022-ci ilin sentyabrında keçirilən seçkilərdə o, dördüncü dəfə İsveç Krallığının Regional Məclisinə üzv seçilərək siyasi fəaliyyətində növbəti uğura imza atıb.

2004-cü ildən İsveçdə yaşayan İradə Əliyeva bu ölkəyə köçdükdən üç il sonra ictimai-siyasi proseslərdə fəal iştirak etməyə başlayıb. 2007-ci ildə İsveçin hakim Sosial Demokratlar Partiyasına qoşulan Əliyeva Azərbaycanı və onun milli maraqlarını yaşadığı cəmiyyətdə tanıtmağı əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.

Onun sözlərinə görə, İsveçə ilk gəldiyi dövrdə yerli əhali arasında Azərbaycan və azərbaycanlılar barədə məlumat kifayət qədər olmayıb. Həmin illərdə ölkədə yaşayan azərbaycanlıların sayının da az olması milli kimliyin və Azərbaycanın tanıdılması istiqamətində daha fəal çalışmağı zəruri edib.

İradə Əliyeva bildirib ki, gənclik illərindən siyasi proseslərə maraq göstərib. İsveçə köçdükdən sonra ailə həyatı və övladlarının dünyaya gəlməsi səbəbindən bir müddət ictimai fəaliyyətə fasilə versə də, 2007-ci ildən etibarən siyasi fəaliyyətini daha intensiv şəkildə davam etdirib.

2010-cu ildə isə İsveçin böyük regional qurumlarından birinə deputat seçilərək siyasi karyerasında mühüm mərhələyə qədəm qoyub.

İsveçə köçmək qərarının arxasında qızına Avropa standartlarına uyğun təhsil vermək, onu demokratik mühitdə böyütmək və Avropanın təcrübəsini öyrənmək istəyinin dayandığını deyən Əliyeva, eyni zamanda iki ölkə arasında əlaqələrin inkişafına töhfə verməyi hədəfləyib.

O, İsveçdəki fəaliyyətinin əsas istiqamətlərindən birinin Azərbaycan həqiqətlərinin, xüsusilə Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması olduğunu vurğulayıb. Əliyevanın sözlərinə görə, İsveçə gəldiyi ilk gündən Azərbaycanı tanıtmaq, milli məsələləri gündəmdə saxlamaq və ölkəsinin səsini yaşadığı cəmiyyətdə eşitdirmək üçün çalışıb.

22 ildir İsveçdə yaşayan İradə Əliyevanın siyasi fəaliyyəti Azərbaycan diasporunun xaricdə ictimai-siyasi təmsilçiliyinin nümunələrindən biri kimi diqqət çəkir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər