Kapellhausda “Galaxy” multisensor sənət layihəsinin möhtəşəm təqdimatı baş tutdu - FOTO
Kapellhausun tarixi və sehrli atmosferində ölkənin mədəni həyatında tamamilə yeni bir səhifə açılıb.
ERAmedia xəbər ki, “Harmony Event Group”un təşkilatçılığı, Beynəlxalq Qalereya, Harmal, Azxeber.com və Balans Media-nın rəsmi tərəfdaşlığı ilə iyunun 6-da Azərbaycan mədəniyyətində ilk dəfə olaraq “Galaxy” multisensor sənət layihəsi izləyicilərə təqdim olunub.
Gənc bəstəkar və pianoçu Əsmər Behbudovanın üç illik gərgin və sonsuz yaradıcılıq zəhmətinin məhsulu olan bu layihə çərçivəsində, müəllifin neoklassik janrda bəstələdiyi “Galaxy” albomunun rəsmi təqdimatı keçirilib. İncəsənətlə elmin sintezini özündə birləşdirən layihə, tamaşaçılara sadəcə bir konsert deyil, həm də fərqli duyğuları eyni anda hərəkətə gətirən unudulmaz bir multisensor təcrübə yaşadıb.
Gecənin musiqili rəngini Əsmər Behbudovanın rəhbərlik etdiyi “Amethyst Band” təmin edib. Kollektivin istedadlı üzvləri Cavid Rasimoğlu və Xatun İbrahimova (skripka), Heydər Həyatov (violonçel),
Nərgilə xanım (alt), Novruz Quliyev (trombon), Xəyyam Şahvələdov (ritm qrupu) olublar.
İfa olunan hər bir bəstəyə özünəməxsus ruh və dərinlik qataraq zalı sehrli sədalar bürüyüb.
Layihənin vizual konsepsiyası tanınmış rəqəmsal rəssam Emin Mathers tərəfindən xüsusi olaraq hazırlanmışdı. Möhtəşəm proyeksiya şousu və rəqəmsal vizual effektlər musiqinin ritmi ilə mükəmməl vəhdət təşkil edərək, qonaqları sanki zamandan kənar bir qalaktikalararası səyahətə çıxarıb.
Gecənin ən innovativ tərəflərindən biri isə gənc astrofizik Aytac İsgəndərin təqdim etdiyi elmi məlumatlar olub. Bu çıxışlar layihəyə maarifləndirici xarakter qazandıraraq, sənətin elmi fundamentlər üzərində necə gözəl dayandığını sübut edib.
Öz bədii həlli və fərqli konsepsiyası ilə böyük əks-səda doğuran tədbirdə millət vəkili Razi Nurullayev, Beynəlxalq Qalereyanın rəhbəri Elnurə İsgəndərova “Harmal” brendinin rəhbərləri Gülnar Mirzəyeva və Şəfa Əbdürrəhimova, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, həmçinin ölkənin aparıcı media nümayəndələri, incəsənət xadimləri və ictimaiyyətin tanınmış simaları iştirak ediblər.
Tədbirin sonunda qonaqlar və mədəniyyət tənqidçiləri layihəni yüksək qiymətləndirərək, Əsmər Behbudovanın “Galaxy” albomunu ölkəmizdə rəqəmsal və multisensor sənətin inkişafı istiqamətində atılmış tarixi bir addım kimi dəyərləndiriblər. “Galaxy” layihəsi həm elmi, həm də bədii konsepsiyası ilə Azərbaycanın müasir mədəniyyət tarixinə fərqli və parlaq bir hadisə kimi yazılıb.
Aygün Oqtay
Fotoların müəllifi: Camal









