Lissabon ən yaxşı turizm şəhəri seçilib
Portuqaliyanın paytaxtı Lissabon “World Travel Awards Europe 2026” mükafatlarında iki nominasiya üzrə qalib olub. Lissabon Avropanın ən yaxşı turizm şəhəri və kruiz səyahətləri üçün ən yaxşı Avropa istiqaməti seçilib.
ERAmedia xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Mükafatların təqdimetmə mərasimi Monteneqronun Kotor körfəzində keçirilib.
Lissabon Turizm Assosiasiyasının açıqlamasında bildirilib ki, bu mükafatlar Portuqaliya paytaxtının beynəlxalq turizm bazarında cəlbediciliyini və turistlərə təqdim etdiyi imkanların müxtəlifliyini təsdiqləyir.
Assosiasiyanın baş direktoru Antonio Valle qeyd edib ki, Lissabon özünəməxsusluğu və müxtəlif səyahətçi qruplarının tələblərinə cavab vermək bacarığı ilə Avropanın aparıcı turizm istiqamətləri arasında seçilir.
Onun sözlərinə görə, mükafatlar həmçinin turizm infrastrukturunun inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən birgə işlərin nəticəsidir.
Valle vurğulayıb ki, bu nailiyyətlər yerli iqtisadiyyatın inkişafına töhfə verir və şəhərin özünəməxsus simasının qorunmasına kömək edir. Onun fikrincə, Lissabon həm turistlər, həm də burada yaşayan və çalışan insanlar üçün dəyər yaradan beynəlxalq turizm mərkəzlərindən birinə çevrilir.
Lissabon Turizm Assosiasiyası mədəni irsin qorunmasının, mədəni tədbir və imkanların genişləndirilməsinin, eləcə də paytaxt regionunun müxtəlif ərazilərində turistlər üçün yeni imkanların yaradılmasının vacibliyini də vurğulayıb.
Qeyd edək ki, “World Travel Awards” hər il turizm istiqamətlərinin, hotellərin, aviaşirkətlərin və sektorun digər iştirakçılarının nailiyyətlərini qiymətləndirir. Bu mükafat turizm sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur.
Bu il mərasim Adriatik dənizinin sahilində yerləşən beşulduzlu “Hyatt Regency Kotor Bay Resort” hotelində keçirilib. Monteneqro “World Travel Awards”ın 33 illik tarixində ilk dəfə bu mərasimə ev sahibliyi edib.









