Mərkəzi Bankda üç əsas problem
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Mərkəzi Bankda keçirilən növbəti görüşlə bağlı fikirlərini bölüşüb.
ERAmedia xəbər verir ki, Osman Gündüz bildirib ki, Mərkəzi Bankın sədri Taleh Kazımov ilə ekspertlərin növbəti görüşü keçirilib və artıq bu platforma formal toplantıdan daha çox real diskussiya mühitinə çevrilib.
Onun sözlərinə görə, görüşlər kifayət qədər açıq, bəzən isə gərgin müzakirələrlə yadda qalır. Müxtəlif mövqeləri təmsil edən ekspertlərlə Mərkəzi Bank rəhbərliyi arasında bir sıra məsələlərdə yanaşmaların ciddi şəkildə fərqləndiyi müşahidə olunur.
Osman Gündüz qeyd edib ki, belə situasiyalarda Taleh Kazımov tənqidlərə qarşı dözümlülük və səbir nümayiş etdirir, tərəflər isə əksər hallarda öz mövqelərində qalırlar.
Azərbaycan İnternet Forumunun rəhbəri bildirib ki, son görüşdə inflyasiya gözləntiləri, kredit faizlərinin yüksəkliyi, bazarda iqtisadi aktivliyin zəifləməsi, cərimə və rüsumlarla bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.
O, görüş zamanı üç əsas məsələ qaldırdığını diqqətə çatdırıb.
Birinci məsələ startaplar, e-ticarət platformaları və kiçik biznes üçün ödəniş sistemlərinin qurulmasının yenidən çətinləşməsi ilə bağlı olub. Osman Gündüz bildirib ki, əvvəllər aylarla davam edən proseslər son illərdə sadələşdirilərək 1-2 günə qədər endirilmişdi. Hazırda isə ödəniş təşkilatlarının kiçik bizneslərdən həddindən artıq və çox vaxt aidiyyəti olmayan sənədlər tələb etməsi yeni bizneslər üçün ciddi maneələr yaradır.
Onun sözlərinə görə, Taleh Kazımov problemdən xəbərdar olduqlarını və bəzi tələblərin digər maliyyə institutlarından qaynaqlandığını bildirib. Qeyd olunub ki, prosedurların yaxın vaxtlarda sadələşdirilməsi nəzərdə tutulur.
Osman Gündüzün qaldırdığı ikinci məsələ virtual aktivlər və vençur maliyyələşmə ilə bağlı qanunvericiliyin gecikməsi olub. O bildirib ki, bu sahədə ləngimə artıq bazarın inkişaf tempinə mənfi təsir göstərir və prosesə müstəqil ekspertlərin daha fəal cəlb olunmasına ehtiyac var.
Məlumata görə, vençur maliyyələşmə və kraudfandinglə bağlı qanun layihələri üzrə işlər yekunlaşıb və sənədlərin bu ayın sonuna qədər Milli Məclisə təqdim olunması planlaşdırılır. Virtual aktivlərlə bağlı qanun layihəsinin isə razılaşdırılma mərhələsində olduğu və ilin sonuna qədər tamamlanmasının gözlənildiyi bildirilib.
Azərbaycan İnternet Forumunun rəhbəri görüşdə m10 sistemi ətrafında yaranan müzakirələrə də toxunduğunu qeyd edib. O bildirib ki, son dövrlərdə platforma ilə bağlı yaranan problemlər və çirkli pulların yuyulması ilə bağlı iddialar fonunda məsələ diqqətə çatdırılıb.
Verilən məlumata əsasən, vətəndaş vəsaitləri ilə bağlı heç bir problem olmayıb və yaranan məsələlərin yalnız platformanın öz vəsaitləri ilə əlaqəli olduğu bildirilib. Həmçinin qeyd olunub ki, araşdırmalar Mərkəzi Bank tərəfindən deyil, digər qurumlar tərəfindən aparılır.
Osman Gündüz sonda vurğulayıb ki, Mərkəzi Bankın formalaşdırdığı açıq müzakirə platforması uğurlu yanaşmadır və fərqli mövqelərin açıq şəkildə səsləndirilməsi sağlam dialoq mühitinin formalaşmasına xidmət edir.
Vural









