media-nura-suri

Müğənni Nura Suri oxuduğu və uzun müddət təsiri altında qaldığı ən sevimli kitablarının siyahısını açıqlayıb.

ERAmedia-nın məlumatına görə, Nura Suri bildirib ki, oxuduğu kitablardan ilk onluğu hazırlasaydı, Mixail Bulqakovun “Master və Marqarita”, Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Corc Oruellin “1984”, Oldos Haksliyin “Cəsur yeni dünya”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Viktor Hüqonun “Səfillər”, Dantenin “İlahi komediya”, Hötenin “Faust” və Qreqori Devid Robertsin “Şantaram” romanları mütləq həmin siyahıda yer alardı.

Müğənni onuncu yeri isə Sidney Şeldonun əsərlərindən birinə ayıracağını qeyd edib. Onun sözlərinə görə, yazıçının kitablarını çox sevdiyindən seçim etməkdə çətinlik çəkir.

Nura Suri vurğulayıb ki, siyahıya daxil etdiyi əsərlərin hər biri onda dərin təəssürat yaradıb və uzun müddət həmin kitabların təsirindən çıxa bilməyib.

O, Xalid Hüseyninin “Çərpələng uçuran” romanının ona xüsusilə güclü təsir etdiyini bildirib:

“Güclü empatiya hissimə görə məni həm ağladıb, həm də bir müddət ruh düşkünlüyünə salıb. Ən ağrılısı isə təsvir olunanların Əfqanıstanda hər gün yaşana biləcək hadisələr olmasıdır”.

Müğənninin sözlərinə görə, Corc Oruellin “1984” və Oldos Haksliyin “Cəsur yeni dünya” əsərləri insanların düşüncələrinin, istəklərinin və həyatlarının təbliğat, qorxu və həzz vasitəsilə necə idarə oluna bildiyini göstərir.

Dostoyevskinin “Cinayət və cəza” romanından danışan Nura Suri isə əsərin insana vicdan yükünün ağırlığını hiss etdirdiyini deyib. O, eyni hissləri Şekspirin “Makbet” əsərini oxuyarkən də yaşadığını bildirib. Onun fikrincə, hər iki əsərdə insanın müəyyən sərhədi keçdikdən sonra özü ilə rahat yaşaya bilməməsi təsvir olunur.

Nura Suri Dantenin “İlahi komediya” əsərinin üslub baxımından digər kitablarından fərqləndiyini qeyd edib. Müğənni bu əsərə marağının Den Braunun “İnferno” romanından sonra yarandığını bildirib.

O, Hötenin “Faust” əsərini isə “Master və Marqarita” romanını daha yaxşı anlamaq üçün oxuduğunu söyləyib. Çünki Hötenin əsərinin Bulqakovun romanına təsir göstərdiyini düşünür.

Müğənninin sözlərinə görə, “Şantaram” və Sidney Şeldonun romanlarında onu cəlb edən əsas xüsusiyyət müxtəlif insanların həyatlarının və talelərinin bir-biri ilə əlaqələnməsidir.

“Burada sanki bir qəhrəmanın hekayəsini deyil, bütöv bir dünyanı izləyirsən. Hər obraz səni başqa bir həyata aparır və oxuyarkən gözünün qarşısında film canlanır”, – deyə Nura Suri bildirib.

O, əslində sevdiyi və oxuduğu daha çox sayda kitabın olduğunu, lakin hamısını sadaladığı halda siyahının həddindən artıq uzun və qarışıq alınacağını vurğulayıb. Müğənni kitab seçimlərinin bir müəllif, mövzu və ya janrla məhdudlaşmadığını da qeyd edib.

Vural


media-adspc

Bənzər xəbərlər