Nobel zərfləri açılır - İbrahim Nəbioğlu yazır...
Nobel həftəsi başlayır. Əslində, “Nobel həftəsi” dediyimiz bu yeddi gün mükafatların verildiyi deyil, laureatların elan olunduğu həftədir; medallar dekabrın 10-da təqdim ediləcək. Amma Nobel dünyasında əsas həyəcan məhz indi yaşanır. Bazar ertəsi fiziologiya və ya tibb, çərşənbə axşamı fizika, çərşənbə günü kimya, cümə axşamı ədəbiyyat, cümə günü sülh mükafatının sahibi məlum olacaq. Son nöqtəni isə bir həftə sonra, 12 oktyabr bazar ertəsi iqtisadiyyat üzrə mükafat qoyacaq.
Bu, qəribə bir həftədir. Bəşəriyyət bir neçə gün ərzində hüceyrənin içindən kainatın quruluşuna, oradan şeir və ya romana, sülhə, ən sonda faiz dərəcələrinə qədər yol gedir. Bazar ertəsi dünyanın ən mürəkkəb bioloji mexanizmlərindən danışan alimlərə qulaq asacaq, cümə axşamı bir şairin və ya romançının insan ruhunu necə dəyişdirdiyini müzakirə ediəcək, ertəsi gün isə Oslodan gələn laureatın adı dünya siyasətində mübahisə yaradacaq. Nobel həftəsinin cazibəsi də bundadır: bir həftəlik təqvimə insan biliyinin, təxəyyülünün və vicdanının az qala bütün sahələri yerləşdirilib.
Təbii ki, bununla bitmir. Nobel yaxınlaşan kimi dünyanın ikinci, qeyri-rəsmi Nobel Komitəsi də işə başlayır: universitet professorları, elmi jurnallar, ədəbiyyat tənqidçiləri, bukmeker kontorları və sosial şəbəkələr. Hamı laureatı əvvəlcədən tapmağa çalışır. Problem ondadır ki, Nobel Komitələrinin həqiqi namizəd siyahıları 50 il gizli saxlanılır. Yəni bu gün “2026 Nobel namizədləri” adı altında oxuduğumuz siyahılar əslində namizədlər deyil, ehtimallar, elmi göstəricilər və bəzən də falçılıqdır.
Elmi sahələrdə bu “falçılığın” ən ciddi növünü “Clarivate” aparır. Onun “Citation Laureates” proqramı yüksək sitat göstəricilərinə və elmi təsirə əsaslanaraq Nobel səviyyəsində hesab etdiyi alimləri seçir. 2002-ci ildən bəri bu siyahıya düşənlərdən 89 nəfər sonradan həqiqətən Nobel alıb. Amma Clarivate özü də xəbərdarlıq edir: siyahı konkret həmin ilin Nobelini proqnozlaşdırmır.
Tibb: arıqlama dərmanlarının arxasındakı elm Nobelə gedərmi?
Bu il ən parlaq ehtimallardan biri Daniel Drucker, Jens Juul Holst və Svetlana Mojsov üçlüyüdür. Onların GLP-1 hormonunun müəyyənləşdirilməsi və biologiyasının öyrənilməsindəki işi sonradan diabet və piylənməyə qarşı dərmanların elmi təməlini yaratdı. Ozempic və Wegovy kimi preparatlar indi artıq tibb sərhədlərini aşıb populyar mədəniyyətə daxil olub. Nobel Komitəsi GLP-1 xəttini seçərsə, dünyanın milyonlarla insanı ilk dəfə Nobel mükafatının mövzusunu laboratoriya terminindən deyil, aptek rəfindən tanıyacaq.
Başqa güclü istiqamət optik koherent tomoqrafiyanın yaradıcıları James Fujimoto, David Huang və Eric Swanson, eləcə də immun sistemində hüceyrə yapışma reseptorlarını müəyyənləşdirən Timothy Springer-dir. Yəni seçim çətindir: Nobel Komitəsinin qarşısında bir tərəfdə metabolizm, o biri tərəfdə gözün içinə baxmağa imkan verən texnologiya, üçüncü tərəfdə immunologiya dayanır. Nobel almaq üçün əvvəlcə təbiətin sirrini açmaq lazımdır; sonra isə Komitənin hansı sirri daha vacib sayacağını gözləmək.
Fizika: kvant yenə qapını döyür
Fizikada Clarivate-in diqqət çəkdiyi adlardan biri çinli fizik Qikun Xue-dir – kvant anomal Hall effektinin eksperimental müşahidəsinə görə. Digər güclü ad ETH Zürichdən Nicola Spaldindir; onun multiferroik materiallarla bağlı nəzəri işləri gələcəyin daha az enerji sərf edən elektronikasına yol aça bilər. Chihaya Adachi, Stephen Forrest və Mark Thompson isə yüksək səmərəli OLED texnologiyalarının inkişafında əsas fiqurlar kimi göstərilir.
Burada Nobelə xas bir ironiya var: hər səhər telefonunun OLED ekranına baxan milyardlarla insan bu texnologiyanın arxasındakı alimlərin adını bilmir. Fizika Nobelinin işi bir qədər də bundan ibarətdir – hamının istifadə etdiyi şeyin arxasında kimin dayandığını ildə bir dəfə dünyaya xatırlatmaq.
Kimya: DNT-də “redaktə düyməsi”
Kimyada ən cəlbedici adlardan biri David Liudur. Onun base editing və prime editing texnologiyaları DNT-ni əvvəlki gen redaktəsi üsullarından daha dəqiq dəyişdirməyə imkan verir. Əgər Nobel bu istiqamətə getsə, metafora demək olar hazırdır: insan əvvəl kitab yazırdı, sonra kompüterdə mətn redaktə etməyi öyrəndi, indi isə həyatın öz mətnində hərf dəyişdirməyə başlayıb.
Digər ehtimallar sırasında zülallarda uzaq məsafəli elektron ötürülməsini araşdırmış Harry Gray və Jay Winkler, həmçinin öz-özünə təşkil olunan molekulyar təbəqələrin – self-assembled monolayers – yaradılmasında mühüm rol oynamış David Allara, Ralph Nuzzo və Jacob Sagiv var. Kimya Nobelinin daimi problemi isə başqadır: kəşf kimyada başlayır, biologiyaya keçir, tibbdə tətbiq olunur və bir müddətdən sonra heç kim onun hansı kafedraya aid olduğunu dəqiq bilmir. Nobel Komitələri isə bunu müəyyənləşdirməyə məcburdur.
Ədəbiyyat: Murakami yenə çamadanını hazır saxlaya bilər
Burada elm bitir, metafizika başlayır. Bukmeker siyahılarında bu il ön sırada çinli avangard yazıçı Can Xue görünür. Onun arxasında artıq Nobel proqnozlarının daimi sakininə çevrilmiş Haruki Murakami, avstraliyalı Gerald Murnane, kanadalı şair və esseist Anne Carson, meksikalı Cristina Rivera Garza, ispan Enrique Vila-Matas və amerikalı Thomas Pynchon kimi adlar gəlir. Müxtəlif bukmekerlər sıralamanı dəyişir, amma həmin adların bir çoxu siyahılarda təkrar-təkrar görünür.
Murakaminin vəziyyəti artıq ayrıca ədəbi janrdır. Təxminən hər Nobel mövsümündə adı favoritlərin arasındadır, jurnalistlər hazır məqalələri yeniləyirlər, oxucular gözləyirlər, İsveç Akademiyası isə başqa zərfi açır. Bir gün Nobel alsa, xəbər “Murakami Nobel aldı” yox, “nəhayət aldı” başlığı ilə çıxacaq. Can Xue isə bu il bukmeker bazarında ən ciddi favoritlərdən biridir. Amma ədəbiyyat Nobelində proqnoz verməyin bir qanunu var: özünüzdən çox əminsinizsə, çox güman ki, yanılırsınız. İsveç Akademiyası sürprizi mükafatın qeyri-rəsmi yeddinci nominasiyasına çevirib.
Sülh: Nobel həftəsinin ən siyasi günü
9 oktyabrda Osloya baxacağıq və burada proqnozlar elmdəkindən qat-qat təhlükəlidir. Son ekspert müzakirələrində Beynəlxalq Cinayət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi, Papa XIV Leo, BMT-nin xüsusi məruzəçisi Francesca Albanese, Sudandakı Emergency Response Rooms könüllü şəbəkəsi və Save the Children kimi ad və təşkilatlar çəkilir. Hətta Beynəlxalq Kosmik Stansiyanın bəşəriyyətin əməkdaşlıq simvolu kimi mükafatlandırılması ehtimalı da səsləndirilib.
Əlbəttə, Donald Trampın adı da müzakirələrdən kənarda deyil. Amma Reuters-in danışdığı Nobel ekspertləri onun 2026-cı ildə mükafat almaq şansını çox aşağı qiymətləndirirlər. Beləliklə, Tramp Nobel tarixində nadir statuslardan birinə iddia edir: laureat olmadan da Sülh Nobelinin əsas qəhrəmanlarından biri olmaq. Nobel Sülh mükafatının qəribəliyi də budur – bəzən mükafatı kimin alacağından əvvəl kimin almayacağı dünya xəbəri olur.
İqtisadiyyat: Google-dan mərkəzi banklara
12 oktyabrda həftəni iqtisadçılar bağlayacaq. Clarivate bu il Susan Athey və Hal Varianı informasiya texnologiyalarının iqtisadiyyatının təhlilinə verdikləri töhfəyə görə önə çıxarır.
Varianın uzun illər Google-un baş iqtisadçısı olması da bu ehtimalı xüsusilə maraqlı edir: Nobel iqtisadiyyatı nəhayət rəqəmsal dünyanın iqtisadi arxitekturasına üz tuta bilər. Digər güclü ad Michael Woodforddur – pul siyasəti və mərkəzi bank nəzəriyyəsinin ən nüfuzlu simalarından biri. Sidney Winter isə iqtisadi dəyişmə və təşkilatların davranışını təkamül nəzəriyyəsi ilə izah edən işlərinə görə siyahıdadır.
Beləcə, sabahdan etibarən altı dəfə zərf açılacaq və altı dəfə dünyanın diqqəti bir neçə dəqiqəlik Stokholm və Osloya yönələcək. Proqnozların bəzisi düz çıxacaq, çoxu səhv olacaq. Murakami yenə gözləyə bilər, hansısa laboratoriyada isə telefonuna cavab verməyə gecikmiş bir alim həyatının dəyişdiyini öyrənəcək.
Nobelin yüz ildən artıqdır davam edən sehrinin bir hissəsi də elə budur:
Biz kimin qalib gələcəyini təxmin etməyə çalışırıq, Nobel isə çox vaxt bizə nəyə diqqət yetirməli olduğumuzu deyir.









