Özbəkistanda Əmir Teymurun 690 illiyi qeyd olunur

Özbəkistanda qüdrətli sərkərdə, Şərqin fatehi və bəşər tarixində böyük izlər buraxmış Əmir Teymurun 690 illiyi dövlət səviyyəsində qeyd olunur.
ERAmedia rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak edir.
Aprelin 9-da Şavkat Mirziyoyev Əmir Teymur Meydanını ziyarət edərək Teymurilər Tarixi Dövlət Muzeyinin yenidən qurulması prosesi ilə tanış olub. Dövlət başçısı yenilməz sərkərdə və elm, mədəniyyət və incəsənətin hamisi Əmir Teymurun abidəsinin önünə əklil qoyub.
Özbəkistan lideri, həmçinin “Əmir Teymur və Teymurilər sivilizasiyasının dünya tarixi və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfransının iştirakçılarına məktubla müraciət edib.
Məktubda deyilir: “Forumda iştirak etmək üçün dünyanın hər yerindən tanınmış alimlər — professorlar və akademiklər, böyük universitetlərin və tədqiqat mərkəzlərinin nümayəndələri, yaradıcı ziyalılar, tanınmış muzey və kitabxanaların aparıcı heyəti və çoxsaylı media qurumları Özbəkistana gəliblər. Bu, xalqımızın qədim tarixinə və zəngin mədəniyyətinə artan qlobal marağın göstəricisidir.
Konfransın Əmir Teymurun 690 illik yubileyinin ölkədə geniş şəkildə qeyd edilməsi çərçivəsində Özbəkistanın unikal üç minillik elmi və mədəni irsinin incilərinin saxlanıldığı İslam Sivilizasiyası Mərkəzində keçirilməsi xüsusilə diqqətəlayiqdir. Şübhəsiz ki, bu elmi forum regionumuzun tarixində möhtəşəm və canlı bir dövr olan İkinci İntibahın — Teymurilər İntibahının dərin təhlili, eləcə də ciddi müzakirələrin aparılması və yeni layihələrin birgə həyata keçirilməsi üçün çox vacibdir”.
Şavkat Mirziyoyev xatırladıb ki, aprel Özbəkistanda “Əmir Teymur Ayı” elan edilib.
Yubiley münasibətilə ölkə daxilində çoxsaylı maarifləndirici, elmi və mədəni tədbirlər keçirilir. Bununla yanaşı, Özbəkistan Respublikası Mərkəzi Bankı Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş xatirə sikkələri buraxıb. Onlar 999,9 əyarlı qızıl və gümüşdən hazırlanıb, hər birinin çəkisi 31,1 qramdır.










