media-80b86570-ab8e-11f1-aa04-efbf6a882854-jpg

Veteranlar Günündə ABŞ-ın müdafiə naziri Pit Heqset və onu müşayiət edən şəxslərin Arlington Milli Qəbiristanlığında Naməlum Əsgərin Məzarını ziyarəti zamanı maraqlı hadisə baş verib. Ziyarətçilər arasında gülüş səsləri eşidildikdən sonra fəxri qarovulda dayanan əsgər qrupa müraciət edərək səssizliyə və ehtirama riayət etmələri barədə xəbərdarlıq edib.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva bu hadisə ilə bağlı bildirib ki, baş verənlərin diqqətçəkən tərəfi yalnız Pentaqon rəhbərinin davranışı və sıravi əsgərin yüksək vəzifəli şəxsə irad bildirməsi deyil.

Onun sözlərinə görə, əsas məqam həmin əsgərin ölkəsi uğrunda həlak olmuş hərbçilərin xatirəsini qorumağı öz vəzifəsi və məsuliyyəti hesab etməsidir. Qarşısındakı şəxsin kimliyindən asılı olmayaraq, o, üzərinə düşən məsuliyyətdən geri çəkilməyib.

Arzu Qazıyeva qeyd edib ki, Arlington qəbiristanlığında yerləşən Naməlum Əsgərin Məzarında xüsusi davranış qaydaları mövcuddur. Burada səssizlik və ehtiramın qorunması ziyarətçilər üçün əsas tələblərdəndir.

Araşdırmaçı jurnalistin fikrincə, qarovulçunun davranışı cəmiyyətin öz dəyərlərini qorumaq qabiliyyətinin göstəricisidir. Üstəlik, bu qaydanın qoruyucusu yüksək vəzifəli məmur deyil, sıravi əsgərdir.

O bildirib ki, Naməlum Əsgərin Məzarına göstərilən münasibət yalnız bir məzarın mühafizəsi məsələsi deyil. Bu, kimliyi bilinməyən, lakin ölkəsi uğrunda həyatını itirmiş insanların xatirəsinə, onların ailələrinə, döyüş yoldaşlarına və bütövlükdə cəmiyyətin tarixi yaddaşına ehtiramın ifadəsidir.

Arzu Qazıyeva hesab edir ki, Amerikanı güclü edən amillərdən biri də məhz bu cür ictimai dəyərlərdir.

“Dövlətin gücü təkcə ordusunun silahı, iqtisadiyyatının həcmi və siyasi təsir imkanları ilə ölçülmür. Cəmiyyətin öz tarixini, şəhidlərini, veteranlarını və ümumi dəyərlərini necə qoruması da bu gücün bir hissəsidir”, – deyə araşdırmaçı jurnalist vurğulayıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər