Qorxu və təşviş yaradan xəbərlərə sərt etiraz
Son vaxtlar dünyada baş verən hadisələrlə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq və təşviş yaradır.
ERAmedia-nın məlumatına görə, müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edərək, internetin kəsilməsi, ABŞ-da təyyarə reysləri ilə bağlı problemlər, Microsoft sistemindəki nasazlıqlar, kriptovalyuta bazarındakı dalğalanmalar və yadplanetlilərlə bağlı yayılan məlumatların insanlarda qorxu yaratmasına münasibət bildirib.
Sənətçi qeyd edib ki, bu cür xəbərlərin yayıldığı dövrdə Bitcoin-in qiymətində də ciddi dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, yaranan panika bəzi insanların tələsik qərarlar verməsinə, qorxu içində satış etməsinə, digərlərinin isə ucuz qiymətə alış fürsəti əldə etməsinə səbəb ola bilər.
Nura Suri vurğulayıb ki, bir çox hallarda müvəqqəti texniki nasazlıqlar aradan qaldırılır, xidmətlər bərpa olunur və həyat öz axarı ilə davam edir. Lakin həmin vaxta qədər insanlar artıq təşvişə düşərək yanlış qərarlar verə bilirlər.
Müğənni hər hadisənin arxasında əvvəlcədən hazırlanmış planın dayandığını iddia etmədiyini, ancaq real problemlərin şişirdilərək fəlakət kimi təqdim olunmasının da manipulyasiya olduğunu bildirib.
O, xəbərlərin əsas məqsədinin insanları məlumatlandırmaq, yoxsa qorxu yaradaraq diqqət çəkmək olduğunu sual altına alıb.
Nura Suri insanları mediada və sosial şəbəkələrdə yayılan məlumatlara dərhal inanmamağa, əvvəlcə xəbərləri yoxlamağa və baş verənləri düzgün qiymətləndirdikdən sonra reaksiya verməyə çağırıb.
“İnsanların onsuz da kifayət qədər qayğısı var. Bəsdir də bu qədər qorxu, bu qədər təşviş”, – deyə müğənni fikirlərini yekunlaşdırıb.
Vural










