media-qacqin-1

Son dövrlərdə ABŞ prezidenti Donald Tramp tərəfindən səsləndirilən bəyanatlarda kəskin dəyişiklik müşahidə olunur.

ERAmedia-nın məlumatına görə, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, əvvəlki mərhələdə “rejimin dəyişməsi”, “nüvə proqramına son qoymaq” və “demokratiya” kimi mesajlar ön planda idisə, indi “tam dağıtmaq”, “qaranlığa qərq etmək” və “daş dövrünə qaytarmaq” kimi daha sərt ifadələr üstünlük təşkil edir.

Onun sözlərinə görə, bu dəyişiklik qarşıdurmanın daha təhlükəli mərhələyə keçdiyini göstərir.

“Artıq görünən odur ki, məqsədlər sürətlə transformasiya olunur və bu, region üçün ciddi risklər yaradır”, – deyə o əlavə edib.

Osman Gündüz qeyd edib ki, İran tərəfi də nüvə imkanlarından geri addım atmaq niyyətində deyil.

“Əksinə, daha sərt xətt tərəfdarlarının önə çıxdığı müşahidə olunur və bu da qarşıdurmanı daha da dərinləşdirir”, – deyə o bildirib.

Ekspert vurğulayıb ki, qarşılıqlı ultimatumların sərtləşməsi və kompromis imkanlarının azalması nüvə ssenarisinin reallaşma ehtimalını artırır.

Onun fikrincə, bu vəziyyət artıq yalnız ABŞ–İran və ya İsrail–İran qarşıdurması çərçivəsindən çıxır:

“Bu, bütövlükdə region üçün ciddi təhlükələr deməkdir. Radiasiya yayılması, su və torpaq çirklənməsi, enerji və nəqliyyat infrastrukturunun pozulması, qaçqın axını və uzunmüddətli sağlamlıq riskləri qaçılmaz ola bilər”.

Osman Gündüz əlavə edib ki, vaxtilə səsləndirilən “III dünya müharibəsində hansı silahdan istifadə olunacağını bilmirəm, amma IV-də yay və ox olacaq” fikri bu gün səslənən “daş dövrü” mesajları ilə narahatedici paralellik təşkil edir.

Ekspert hesab edir ki, belə bir şəraitdə qonşu ölkələr, o cümlədən Azərbaycan mümkün ssenarilərə hazırlaşmalıdır:

“Hökumət bu istiqamətdə ictimaiyyəti məlumatlandırmalı, riskləri izah etməli və real təhlükə zamanı minimum itkilərlə çıxış yollarını göstərməlidir”.

Onun sözlərinə görə, əsas prioritetlər aşağıdakılar olmalıdır:

Radiasiya monitorinqi və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi;

Fövqəladə hallar planlarının yenilənməsi;

Tibbi və mülki müdafiə ehtiyatlarının artırılması;

Su, ərzaq və enerji təhlükəsizliyi üzrə ehtiyat mexanizmlərin hazırlanması.

Sonda Osman Gündüz vurğulayıb ki, mövcud gərginlik fonunda nüvə riski artıq yalnız ehtimal kimi deyil, getdikcə daha real və labüd təhlükə kimi qiymətləndirilməlidir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər