media-3380467729665783-900x0

Azərbaycanın ilk peşəkar qadın rəssamlarından biri olan Qeysər Kaşıyeva (1893–1972) milli təsviri sənət tarixində özünəməxsus yer tutur.

ERAmedia xəbər verir ki, onun yaradıcılıq yolu və həyat hekayəsi XX əsrin mürəkkəb ictimai-siyasi hadisələri ilə sıx bağlı olub.

1893-cü ildə anadan olan Qeysər Kaşıyeva rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın kimi tanınıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra, 1918-ci ildə Tiflisdən Bakıya köçən sənətkar burada fəaliyyətini davam etdirib.

Sovet hakimiyyəti dövründə rəssamlıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Kaşıyeva Bakıda rəsm dərsləri keçib. O, eyni zamanda dövrün qadın mətbuatı nümunələrindən olan “Şərq qadını” jurnalının nəşrinə illüstrasiyaları ilə töhfə verib.

Rəssamın şəxsi həyatı da dövrün siyasi hadisələrinin təsirindən kənarda qalmayıb. 1930-cu ildə Zülfüqar Seyidbəyli ilə ailə quran Qeysər xanımın evliliyi uzunömürlü olmayıb. 1938-ci ildə Seyidbəylinin siyasi səbəblərlə həbs olunması onların həyatında ağır dəyişikliklərə səbəb olub və az sonra hər ikisi sürgün edilib.

Uzun illərdən sonra, 1950-ci ildə Azərbaycana qayıdan Qeysər Kaşıyeva ömrünün qalan hissəsini Bakıda keçirib. O, 1972-ci il aprelin 17-də vəfat edib.

Qeysər Kaşıyevanın fəaliyyəti Azərbaycan qadınlarının incəsənət sahəsindəki iştirakının tarixində mühüm mərhələ hesab olunur. Onun yaradıcılıq irsi milli rəssamlıq tarixinin əhəmiyyətli səhifələrindən biri olaraq qalır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər