Rusiya İrəvana nota verdi
Moskva Gümrüdə Böyük Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi ilə bağlı İrəvana etiraz notası göndərib.
ERAmedia xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Diplomat deyib: “Bu küfr əməli sadəcə xuliqanlıq deyil, ölkələrimizin ortaq tarixi yaddaşına qarşı yönəlmiş hücum və Böyük Qələbəni ləkələmək cəhdidir. Əlbəttə ki, biz Ermənistan tərəfinə etiraz notası göndərmişik”.
Zaxarova həmçinin Ermənistan mediasının Gümrüdəki abidə kompleksinin təhqir edilməsində Rusiyanı günahlandırmaq cəhdlərinə də toxunaraq, onları alçaq yalan adlandırıb: “Respublika hakimiyyəti ilə əlaqəli bəzi informasiya resurslarının hadisəni qəsdən törədilmiş təxribat kimi təqdim etmək cəhdlərini müşahidə etmişik. Təxribat törədə biləcəyimiz və ya buna bənzər bir şey edə biləcəyimiz nələrsə uydurmağa ehtiyac yoxdur. Xeyr, bu belə deyil. Bu, həqiqət deyil. Bu, alçaq, iyrənc və açıq-aydın yerində uydurulmuş bir yalandır. Bütün bunlar ağıl və ədəb-ərkandan kənardır”.










