media-media-iran-rusiya-qm4ncr

Rasionallaşmanın mənfi tərəfi hər şeyi ölçülə bilən hala gətirməsi və bunun nəticəsində hadisələrin asanlıqla oxunmasına şərait yaratmasıdır.

ERAmedia-nın məlumatına görə, yazıçı Aqşin Yenisey hesab edir ki, bu gün İran və Rusiya kimi fəhmlə, absurd ideyalarla idarə olunan ölkələr rasional Qərbi rahatlıqla oxuya bilir.

Onun sözlərinə görə, rasional praqmatizm Qərbdə hər şeyi ölçülə bilən hala salıb və bu səbəbdən həmin ölkələrin siyasi davranışlarını anlamaq üçün əlavə vasitələrə ehtiyac qalmır. Qərb isə nə İranı, nə də Rusiyanı rahatlıqla oxuya bilir. Çünki bu ölkələrdə anlaşıla biləcək hər şey siyasi-ideoloji magiya ilə ört-basdır edilir.

Aqşin Yenisey xatırladıb ki, rus şairinin Rusiya haqqında dediyi kimi, bu ölkəni ağılla başa düşmək mümkün deyil.

Yazıçı İran rəsmisinin İsrailin uğurlu zərbələrinin məsuliyyətini cinlərin üzərinə atmasını da bu məntiqin nümunəsi kimi göstərib. Onun fikrincə, rasional düşüncə belə bir yanaşmanı anlamaqda çətinlik çəkir: cin öz sahibinə necə xəyanət edə bilər?

Aqşin Yenisey vurğulayıb ki, məhz buna görə Rusiya Avropa, Yaxın Şərq isə ABŞ üçün “Qordi düyünü”nə çevrilib. Bu problemləri açmağa çalışdıqca, vəziyyət daha da mürəkkəbləşir. Yazıçı Rusiyanın Ukrayna ilə bağlı danışıqlarda Finlandiya məsələsini müzakirəyə çıxarmasını da buna nümunə göstərib.

O, sonda diqqəti ölkənin xarici siyasətinə yönəldərək qeyd edib ki, “Nə etməli?” sualının cavabı bizim üçün ölkənin daxilindən daha çox onun xarici dünyası ilə bağlıdır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər