media-c2233b58-ea23-4292-90b4-3bcbc0147693

Taylandda keçmiş deputat Çalonq Reavraenq paytaxt Banqkokda keçmiş polis əməkdaşı və yerli idarəetmə rəsmisi Tonqçay Yenpraserti silahla vuraraq öldürüb. Hadisədən sonra Çalonqun siyasi şərhçi Ançali Pairerakı telefonla arayaraq törətdiyi cinayət barədə danışdığı bildirilib.

ERAmedia xəbər verir ki, məlumata görə, keçmiş Nonthaburi deputatı Çalonq Reavraenq şəhərdən kənarda yerləşən ofisin qarşısında Tonqçay Yenprasertə atəş açıb. Boyun nahiyəsindən yaralanan Tonqçay xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı Tonqçayın sürücüsü də qolundan və əlindən yaralanıb.

Hadisədən sonra saxlanılan Çalonqa polis bölməsində mətbuat konfransı keçirməyə icazə verilib. Polis bu qeyri-adi qərarın şübhəlinin mərhumun ailəsindən üzr istəməsinə imkan yaratmaq məqsədi daşıdığını açıqlayıb.

Lakin Çalonq mətbuat konfransında üzr istəmək əvəzinə hadisənin təfərrüatlarını təxminən 6 dəqiqə ərzində danışıb. Əlində siqaretlə jurnalistlərin qarşısına çıxan keçmiş deputat Tonqçayın ona qəzəbli olduğunu bildirib, lakin tərəflər arasındakı mübahisənin səbəbi barədə konkret açıqlama verməyib.

Çalonq mərhumu yaxşı dostu kimi xarakterizə edib və onu vurmaq niyyətində olmadığını iddia edib.

Onun sözlərinə görə, hadisə Tonqçayla danışmaq istəməsi ilə başlayıb. Yerli mətbuatda yayılan xəbərlərdə isə iki şəxs arasında şəxsi mübahisənin olduğu qeyd edilir.

Çalonqun iddiasına əsasən, Tonqçay onu itələyərək “Danışmaq istəmirəm” deyib. Bundan sonra keçmiş deputat onun avtomobilinə doğru getdiyini bildirib.

Çalonq silahını çıxararkən Tonqçayı vurmaq niyyətinin olmadığını müdafiə edərək, “Lakin sürücü silahını çıxarıb mənə tuşlayanda atəş açdım”, – deyə bildirib.

Hadisə nəticəsində həyatını itirən Tonqçay Yenprasertin təqaüddə olan polis polkovniki olduğu və Nonthaburi Vilayət İnzibati Təşkilatının (PAO) rəhbəri vəzifəsini icra etdiyi bildirilib.

Hadisənin diqqət çəkən məqamlarından biri də Çalonqun cinayətdən sonra siyasi şərhçi Ançali Pairerakı telefonla araması olub.

Ançali həmin vaxt YouTube üzərindən canlı yayım edirmiş. O, gələn zəngə cavab verib. Telefon danışığının izləyicilər tərəfindən eşidilməyən hissəsindən sonra Ançalinin böyük təəccüb yaşadığı görüntülənib.

Ançalinin telefonun digər tərəfindəki şəxsə “Öldü? Öldü? Onu başından vurdun? Polis gələnə qədər orada gözlə. Heç yerə getmə”, – dediyi eşidilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər