Sahibkarlar ƏDV depozit hesabından sosial ödəniş edə biləcək
Qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahibkarların ƏDV depozit hesablarından istifadə imkanlarının genişləndirilməsi təklif olunur.
ERAmedia xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, “Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
Onun sözlərinə görə, dəyişiklik qəbul edilərsə, neft-qaz sahəsində fəaliyyət göstərməyən özəl sektor nümayəndələri ƏDV depozit hesablarında olan vəsaiti Dövlət Sosial Müdafiə Fonduna sosial ödənişlərin həyata keçirilməsi üçün istifadə edə biləcəklər.
V.Bayramov qeyd edib ki, yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarındakı vəsaitdən istifadə imkanlarını artıracaq, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə mənbəyi yaradacaq və qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.
Deputat vurğulayıb ki, hazırda bəzi hallarda sahibkarın depozit hesabında vəsait olsa da, ondan sosial ödənişlər üçün istifadə mümkün olmur. Bu səbəbdən sahibkarlar digər maliyyə resurslarını sosial ödənişlərə yönəltməli olur, bəzi hallarda isə vəsait çatışmazlığı ödənişlərin vaxtında icrasında çətinlik yaradır.
Onun sözlərinə görə, dəyişiklik qüvvəyə mindikdən sonra sahibkarlar ƏDV depozit hesablarında olan vəsaitdən sosial ödənişlər üçün də istifadə edə biləcəklər. Təklifin 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiqi nəzərdə tutulur.









