“Steril orqanizm xəstəliklərə daha tez yoluxur” – Təbiətdəki təhlükəli dəyişiklik
Havaların müvəqqəti istiləşməsi ilə təbiətdə həşəratların fəallığı artsa da, qəfil dəyişən hava şəraiti onların həyatda qalması ilə bağlı narahatlıq yaradıb.
ERAmedia-nın məlumatına görə, sosial şəbəkə istifadəçisi Arzu Qazıyeva paylaşımında evinin pəncərəsinə qonmuş dəvədəlliyi içəri buraxmadığı üçün sonradan peşman olduğunu bildirib.
O qeyd edib ki, hava bir qədər istiləşdiyindən iki gün ərzində kəpənəklər və arılar yenidən təbiətdə görünməyə başlayıb. Bu müddətdə onun evinin pəncərəsinə də dəvədəlliyi qonub.
Arzu Qazıyevanın sözlərinə görə, həşərat əvvəlcə pəncərənin kənarında dayanaraq sanki onunla ünsiyyət qurmağa çalışıb, daha sonra isə içəri buraxılması üçün müxtəlif hərəkətlər edib. Lakin müəllif dəvədəlliyinin görünüşündən çəkindiyi üçün onu evə buraxmayıb.
Paylaşımda bildirilir ki, hava kəskin dəyişdikdən və güclü külək başladıqdan sonra müəllif səhərki qonağının taleyi barədə düşünməyə başlayıb. O, həşəratı içəri buraxmadığına görə peşman olduğunu, ona eyvanda bir künc ayıraraq qışı keçirməsinə şərait yarada biləcəyini qeyd edib.
Arzu Qazıyeva dəvədəllisinin xüsusiyyətlərinə də toxunub. O bildirib ki, bu həşəratın unikal stereoskopik (3D) görmə qabiliyyəti var, insanlar üçün zəhərsiz və zərərsizdir. Nadir hallarda yalnız özünü müdafiə məqsədilə dişləyə bilər.
Müəllif dəvədəllilərinin bağ-bostan üçün faydalı olduğunu, bitkilərə zərər verən həşəratları məhv etdiyini vurğulayıb.
Paylaşımda Bakıda həşəratların sayının azalması məsələsinə də diqqət çəkilib. Arzu Qazıyeva qeyd edib ki, şəhərdə torpaq örtüyünün azalması və ərazilərin süni ot örtüyü ilə əvəzlənməsi nəticəsində bir çox həşərat növünə daha az rast gəlinir.
Onun sözlərinə görə, əvvəllər tez-tez görünən parabüzənlər, kəpənəklər, cırcıramalar, qarışqalar, tırtıllar, ilbizlər və müxtəlif böcəklər indi demək olar ki, yoxa çıxıb.
Arzu Qazıyeva paylaşımını təbiətin tarazlığının qorunmasının vacibliyinə diqqət çəkən fikirlərlə yekunlaşdırıb: “Təbiət sterilləşdirilib. Steril orqanizm isə xəstəliklərə daha tez və asan yoluxur.”
Mələk Onur










