media-bakanligin-sikayetci-oldugu-gulben-ergen-acikladi-evimize-polis-geldi

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi müğənni Gülben Ergen barəsində şikayət edib. Buna səbəb onun Fatmanur Çelik və qızı Hifa İkra Şengülər ilə bağlı sosial mediada etdiyi paylaşımlar olub.

ERAmedia Türkiyə mətbuatına istinadən xəbər verir ki, şikayət əsasında Gülben Ergen haqqında rəsmi istintaq başladılıb və polis əməkdaşları onun evinə gəlib.

Müğənni baş verənlərlə bağlı sosial media hesabında paylaşım edib. “Ailə və Sosial Xidmətlər Nazirliyinin şikayəti əsasında evimizə polis gəldi. Fatmanur və azyaşlı qızı üçün ifadə verməkdən qürur duyacağam”, – deyə o qeyd edib.

Xatırladaq ki, Fatmanur Çelik və qızı Hifa İkra Şengülər İstanbulun Zeytinburnu sahili ərazisində ölü halda tapılmışdı.

İddialara görə, Fatmanur Çelik azyaşlı olarkən A.Ş. adlı şəxs tərəfindən zorakılığa məruz qalıb və daha sonra məcburi şəkildə evləndirilib. Bu evlilikdən dünyaya gələn qızı Hifa İkra Şengülərin də eyni şəxs tərəfindən zorakılığa məruz qaldığı irəli sürülür.

Məlumata görə, Fatmanur Çelik daha əvvəl İstanbulun Anadolu Ədliyyəsi qarşısında ədalət tələbi ilə etiraz aksiyası keçirərək ictimaiyyətdən dəstək istəyib. Onun “Başıma bir şey gələrsə, intihar deməyin” sözləri isə hadisədən sonra yenidən gündəmə gəlib.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər