Ukrayna ilk dəfə Rusiyaya bu ölkənin dronları ilə hücum etdi
Ukrayna Silahlı Qüvvələri ilk dəfə Rusiyanın ərazisindəki hədəflərə Britaniya istehsalı pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
ERAmedia xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.
Qəzetin məlumatına görə, son dövrdə Rusiyanın sənaye və hərbi obyektlərinə uzaqmənzilli dronlarla həyata keçirilən hücumlar ölkə iqtisadiyyatına 35 milyard funt sterlinqdən çox zərər vurub. Hücumlar nəticəsində bəzi bölgələrdə yanacaq çatışmazlığı və elektrik enerjisinin planlı məhdudlaşdırılması halları qeydə alınıb.
Hədəflər arasında neft emalı zavodları, hərbi-dəniz bazaları, logistika mərkəzləri və nəqliyyat şəbəkələri olub. Onlardan birinin Ukrayna sərhədindən 1600 kilometrdən çox məsafədə yerləşdiyi bildirilir.
“Deutsche Welle”nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrindəki bir neçə mənbə son altı ay ərzində həyata keçirilən hücumlarda Britaniya istehsalı PUA-lardan istifadə edildiyini təsdiqləyib. Bildirilir ki, hədəflər arasında Volqoqrad və Yaroslavldakı neft emalı zavodları da olub.
Nəşrin məlumatına görə, Belqoroda hücum zamanı, məsələn, Uiltşirdə istehsal olunan və Britaniya Kral Donanması tərəfindən sınaqdan keçirilmiş Nyan adlı pilotsuz aparatdan istifadə edilib.
Karbon lifindən hazırlanan qara rəngli zərbə dronunun qanadlarının uzunluğu 2,9 metr, uçuş məsafəsi isə 240 kilometrdən çoxdur. Bu göstəricilər PUA-nın həm cəbhə xəttinə yaxın, həm də Ukraynaya yaxın ərazilərdə yerləşən Rusiya ərazisindəki hədəflərə qarşı istifadə edilməsinə imkan verir.
Mələk Onur










