Virtual dünyanın kölgəsində: Real həyatdan UZAQLAŞMA

- Rəsul Mirhəşimli yazır
Cəmiyyətdə hadisələr iki xətt üzrə inkişaf edir. Bunlardan biri insanların real həyatda yaşadıqları, digəri isə virtual mühitdə baş verənlərdir. Bir çox hallarda sosial şəbəkələrdə yayılan məlumatlar insanların müraciət etdiyi “doğru mənbə”yə çevrilir. Qısası, yeni texnologiya həyatımızın ayrılmaz və mühüm bir hissəsi olub.
Sosial media üzərindən insanlar bir-birinə söz atır, mesajlarını “Votsap” statusları ilə çatdırır, “TikTok” videolarını günün əsas xəbər mənbəyi kimi qəbul edirlər. Bu qarışıqlıq içində real həyat isə sosial problemlərlə yoluna davam edir.
Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdən istifadə edənlərin sayı hər il təxminən 10% artır. Təbii ki, bu qlobal platformalarda fərqli mədəniyyətlərdən daha çox insanın yer alması sosial mediada bir sıra problemləri də özü ilə gətirir. Bu problemlərdən biri də “linç mədəniyyəti”nin sosial şəbəkələrdə gündən-günə daha çox yayılmasıdır. Sosial şəbəkə istifadəsinin artması nəticəsində insanların başqalarının həyatını daha çox izləməsi, qısqanclıq və özünü natamam hiss etmə duyğusu bu linç mədəniyyətini daha da alovlandırır.
Bəzən real həyatla ziddiyyət təşkil edən virtual dünya insan psixologiyasında bir çox problemlərə yol açır. İnsanlarda telefona asılılıq artıq formalaşıb. Bunun terminoloji qarşılığı isə “nomofobiya” adlanır. Nomofobiya “no mobile phobia” ifadəsinin qısaldılmış forması olub, mobil telefonsuz qala bilməmə və ya ünsiyyətdən qopma qorxusu kimi tanınan bir narahatlıq pozuntusudur.
Həyatın hər sahəsinə yeni texnologiyanın təsir etdiyini iddia edənlər mənimlə razılaşmaya bilər. Ancaq bu asılılıq gündəlik həyatımızda hamımızın şikayət etdiyi problemləri gözlə görünən bir mənzərəyə çevirir. Hamının tez-tez rastlaşdığı nümunələrə baxaq.
Metrodan çıxıb tələsik bir yerə çatmaq istəyirsən, insanların axışdığı platformada öndə hərəkət yavaşlayır. İnsanların arasından birtəhər sıyrılıb “hadisə yerinə” yaxınlaşanda, əlində telefonla adətən özündən keçmiş, ətrafından qopmuş insanların laqeyd addımlarla yeriməsinə şahid olursan. Bu cür halları avtobusların dar dəhlizlərində telefona başı qarışanlarda da görmək mümkündür, metroda vaqon qapıları açıldıqda, içəridəkilər enməmiş çöldəkilərin hücuma keçməsində də…
Hər dövrdə yaşlı nəsillərin “bizim vaxtımızda belə deyildi” deyə gileylənməsi gənclərin xoşuna gəlməyib. “Bütün tənqidlər haqlıdır” israrından uzağam. Çünki bizdən əvvəlki nəslin bizə yönəltdiyi tənqidlər “müharibə görmədiniz, aclıq çəkmədiniz” sözləri ilə başlayıb, gəncliyə ümidsizlik aşılamaqla bitib. Halbuki tarix bizim nəslə yaşlıların tənqidindən qat-qat ağır hadisələr yaşatdı. E.ə. IV əsrdə yunan filosoflarından birinin “gənclər çox korlanıb” tərzində giley etdiyini də nəzərə alsaq, nəsillər arasında bir-birindən narazı olma ənənəsinin tarix boyu davam etdiyini söyləyə bilərik.
İndi isə yuxarıda bəhs etdiyimiz “linç mədəniyyəti”nə qayıdaq.
Virtual və real dünyada davranışların bir-birindən fərqli ola bilməsi artıq qəbul edilmiş bir həqiqətdir. Real həyatda son dərəcə normal davranan insanlar haqqında sosial şəbəkələrdə daha çox mənfi ifadələrin işlədildiyini görürük. Söhbət etdiyim bir çox insan, həyatda normal görünən şəxslər haqqında həddindən artıq neqativ fikirlər səsləndirir. Buna isə “şəxsiyyətin ikiləşməsi” deyilir.
Normal şəraitdə gündəlik dialoqlarda əsla işlətməyəcəyimiz cümlələri sosial şəbəkə paylaşımlarının altında çəkinmədən yaza bilir və ya bizimlə eyni fikirdə olmayan dostlarımıza zəhərli mesajlar göndərə bilirik.
İnsanlar bəzən kiməsə o qədər əsəbləşir ki, onu sərt şəkildə tənqid etmək istəyir. Çox vaxt həmin şəxsin bu ağır tənqidlərin hədəfi olmağa layiq olub-olmadığını araşdırmağa sosial media istifadəçiləri ehtiyac belə duymur. Yəni hər kəsin “həqiqəti” özünə mütləq gerçək kimi görünür. Digər bir problem isə bu mübahisələrə bir şəkildə şahid edilməkdir. Bunu da sosial media dili ilə desək, “etiketlənmək” olur.
Bu vəziyyətləri ən yaxşı şəkildə mütəxəssislər izah edə bilər. Ola bilsin ki, kompüter arxasında, telefon ekranı qarşısında insanlar özlərini əlçatmaz hiss edirlər. Məhz buna görə kobud sözlər işlətmək, söyüş söymək, mühakimə etmək kimi mənfi və aqressiv davranışlarla daha tez-tez rastlaşırıq. Sosial mediada nifrət hissinin yayılması və “linç mədəniyyəti”nin formalaşması bu anonimlikdən qidalanır.
Bir anlıq sosial şəbəkələrdən uzaqlaşan insanlar yenidən sosial problemlərin qucağına düşür. Bir gün iqtisadi vəziyyət düzələ bilər, bəlkə sosial problemlərin ağırlığı da azalar. Ancaq insanların xarakterində yaranan sosial aşınmaların cəmiyyətə vurduğu zərərin öhdəsindən gəlmək olduqca çətin olacaq.









