Xarici görkəmindən utanan rəssam - MARAQLI
Xarici görkəmindən utanan, 3 min manatlıq əsərlərini bağışlayan, rəsmlərinin sayı bilinməyən Səttar Bəhlulzadə barədə maraqlı faktlar:
Sənətkar onun yolu ilə getmək istəyən bacısı oğluna “istəmirəm özünü rəssamlığa fəda edəsən. Əgər böyük rəssam olsan, ailən olmayacaq. Ona görə də böyük rəssam olmağını istəmirəm”, – demişdi.
Bir gün həmkarı Ağaəli İbrahimov xanımı və azyaşlı qızı ilə ona qonaq gəlir. Onlar birlikdə film izləyəndə Səttar Bəhlulzadə əlini üzünə tutaraq sifətini həmkarının uşağından gizlədir. Bunu görə Ağaəli İbrahimov “deyəsən narahatsan, biz gedək”, – getmək istəyir. Lakin Səttar Bəhlulzadə qonaqları getməyə qoymur. Rəssam bir də əlini üzünə tutur. Bunu görən Ağaəli İbrahimov xanımına “gedək”, – deyəndə Səttar Bəhlulzadə onu dəhlizə çağırır. Dəhlizdə Ağaəliyə “fikirləşirəm ki, uşağın məndən qorxar”, – deyir. Həmkarı onu qucaqlayıb, “Nə danışırsan? Uşaq səndən qorxsaydı, bayaq sənin büstünü öpərdi?”, – deyib onu sakitləşdirir.
Çox sadə adam olub. Özündən yaşca balaca həmkarları ona hörmətlə “Səttar müəllim”, – deyəndə acığına gedərdi: “Xahiş edirəm mənə müəllim deməyin”.
Sənətşünas İlham Rəhimli: “Qeyri-adi adam idi. Qəribə, romantik, büllur gözləri vardı. Onun gözlərinin içinə baxmaq olmurdu. Emalatxanasında bardaş qurub yerdə oturar, çayı da yerdə içərdi. Təmtəraq adamı deyildi”.
Gözəl qadınları sevirmiş. Ən çox hörmət etdiyi qadın həmkarı Maral xanım idi.
O, ilk dəfə tanış olduğu adama bahalı, böyük tablonu hədiyyə edərdi. Halbuki hazırda onun adı əsəri, “cızma-qarası”nın qiyməti 2-3 min manatdır.
O dövrdə bəzi həmkarları onun uğurlarını görüb, sənətkarı gözdən salmağa çalışırdılar. Onu bəzən başqalarına bənzədirdilər. Eyni zamanda fəxri ad almasını da qəsdən yubadıblar. Buna görə də rəssam hamıdan inciyir. Hətta yeni mənzildən imtina edir. O, dövlət mükafatına layiq görülsə də, mükafatı 1 il ona vermirlər. Belə olduqda o, ölkə rəhbəri Heydər Əliyevin qəbuluna düşmək istəyir. Lakin məmurlar buna imkan vermirlər. Səttar Bəhlulzadənin də şikayəti həmin məmurlardan idi. Nəhayət o, Heydər Əliyevin qəbuluna düşə bilir və mükafatı alır.
Azərbaycanın yeganə rəssamıdır ki, əl işlərinin sayı məlum deyil. O, həddən artıq gözəl tabloların müəllifidir. Moskvada xəstəxanada 20 gün yatanda belə, 22 rəsm çəkib.
Bir dəfə Norveçin SSRİ-dəki onun əsərini görüb, çox bəyənir. Səttar Bəhlulzadəyə “mən bu rəsmi pulla alıram”, – deyir. Rəssam isə “mən bu rəsmi sizə bağışlayacam”, – deyir. Belə olduqda səfir “axı bu çox bahalıdır, pulsuz ala bilmərəm”, – deyə təəccüblənir. Buna baxmayaraq Səttar Bəhlulzadə əsərini ona bağışlayır.
Qeyri-adi rəssamın ən böyük arzusu Günəşin doğuşunu çəkməsi olub. O, bir neçə dəfə buna cəhd etsə də arzusuna çata bilməyib. “Deyirdi ki, mən Günəşin doğuşunu çəkmək istəyirəm. Ancaq hər dəfə fasilə zamanı Günəşin rəngi dəyişir. Səttarın əsərlərini qaşıyıb tökdyünü o qədər görmüşəm ki…”
Səttar Bəhlulzadənin bahalı əsərlərini hədiyyə etməsinin səbəblərindən biri də onun unudulacağını düşünməsi olub. Rəssam düşünürdü ki, bir zamanlar unudulacaq. Ancaq rəsmlərini bağışladığı insanlar evlərində onun əl işlərinə baxıb, yada salacaqlar.










