XİN Türkiyənin BMT Baş katibliyinə irəli sürdüyü namizədi alqışlayıb
Azərbaycan Türkiyənin hazırda ATƏT-in Baş katibi olan Feridun Sinirlioğlunun BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürməsini alqışlayıb.
ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyində bildirilib.
Qeyd olunub ki, seçim prosesi namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensus formalaşdırmaq bacarığına əsaslanmalıdır. Prosesdə BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulmasının vacibliyi vurğulanıb.
“İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq”, – açıqlamada qeyd edilib.
Qeyd edək ki, Türkiyə Feridun Sinirlioğlunun namizədliyini oktyabrın 30-da irəli sürüb. Azərbaycan oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nuseybənin də BMT-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini alqışlayıb.









