Ay qapısının kandarında məşq - İbrahim Nəbioğlu yazır...
Bəşəriyyət Aya qayıtmaq istəyir. Amma əvvəlcə Yerin ətrafında dövrə vurub o qapını necə açacağını öyrənəcək.
NASA ötən həftə Kennedi Kosmik Mərkəzində Artemis III missiyasının ətraflı planını açıqladı. İlk baxışda bu plan paradoks kimi görünür: Aya enməli olan missiya artıq Aya getmir.
Xatırladım ki, Artemis III əvvəlcə yarım əsrdən sonra insanı yenidən Ay səthinə endirəcək missiya kimi düşünülmüşdü. Lakin bu ilin fevralında NASA-nın yeni rəhbəri Cared Ayzekmen proqramı yenidən qurdu. Enmə Artemis IV-ə, yəni 2028-ci ilə keçirildi, Artemis III isə nəhəng bir baş məşqə, 2027-ci ildə Yer orbitində keçiriləcək 14 günlük sınağa çevrildi.
Bu məşqin mahiyyəti nədir?
NASA tarixində ilk dəfə üç fərqli kosmik gəmi üç fərqli ağır raketlə qısa fasilələrlə orbitə çıxacaq və bir-biri ilə rəqs edəcək. Əvvəlcə Blue Origin şirkəti Blue Moon Mark 2 ay modulunun sınaq nüsxəsini təxminən 440 kilometr hündürlüyə çıxaracaq. Bu modul orbitdə 30 günədək gözləyə bilər, sanki fəzada qonaqlarını gözləyən boş bir ev. Bir neçə gün sonra Floridadan SLS raketi Orion kapsulunu dörd astronavtla birlikdə göyə qaldıracaq: komandir Rendi Breznik, Avropa Kosmik Agentliyinin italyan astronavtı Luka Parmitano, ən uzun kosmik uçuş rekorduna sahib amerikalı Frank Rubio və ilk dəfə uçacaq Andre Duqlas.
Orion Blue Moon-a yanaşıb birləşəcək, ekipaj lyuku açıb modulun içinə keçəcək və təxminən iki gün orada qalacaq. Havanı, təzyiqi, idarəetmə panellərini, həyat təminatı sistemlərini öz bədənləri ilə sınayacaqlar.
İkinci pərdə: SpaceX-in Starship gəmisi bir qədər aşağı orbitə çıxacaq. Orion onun burnundakı xüsusi qovşağa birləşəcək, bu dəfə cəmi iki saatlıq və ekipaj içəri keçmədən. Məqsəd iki tamamilə fərqli memarlığın Orionla necə “danışdığını” anlamaqdır.
Qalan günlər elmə ayrılıb: hüceyrə biologiyası təcrübəsi, orbitə aparılan bitki toxumları, Yer və Günəş müşahidələri, hətta Missiya Mərkəzi ilə əlaqə kəsiləndə astronavtların öz sağlamlıqlarını necə yoxlayacağına dair sınaq. Sonda Orion Sakit okeana, Kaliforniya sahillərinə enəcək.
1969-cu ilin martında, Nil Armstronqdan cəmi dörd ay əvvəl, Apollon 9 da Yer orbitində məhz bu cür məşq etmişdi: ay modulu ilə kapsulun ilk birləşməsini. Deyirlər, tarix özünü təkrarlamır, amma qafiyələnir. Yarım əsr sonra NASA eyni qafiyəyə qayıdır. Fərq ondadır ki, bu dəfə ay modulları dövlətin deyil, iki milyarderin, Mask və Bezosun şirkətlərinin məhsuludur. Bu, sadəcə texniki detal deyil: kosmos artıq təkcə dövlətlərin deyil, kapitalın da coğrafiyasına çevrilir.
Risk də var. May ayında Blue Origin-in New Glenn raketi buraxılış meydançasında sınaq zamanı partladı və şirkətin vaxtında hazır olub-olmayacağı sualı hələ də açıq qalır.
Məncə, bu planın ən gözəl tərəfi təvazökarlığıdır. İnsan Aya addım atmazdan əvvəl qapını necə döyəcəyini, kandarda necə dayanacağını öyrənir. Çünki ən böyük addım atılmazdan əvvəl yüz dəfə məşq edilən addımdır.











