“Meta”, “TikTok” və “X” məhkəmədə uduzub
Böyük Britaniyanın Ali Məhkəməsi “Meta”, “TikTok” və “X” şirkətlərinin ölkənin mediatənzimləyici qurumu olan “Ofcom”a qarşı qaldırdıqları iddianı rədd edib.
ERAmedia “Reuters”ə istinadla xəbər verir ki, texnologiya şirkətləri “Ofcom”un onlayn təhlükəsizlik qaydaları çərçivəsində onlardan tələb etdiyi məlumatların həddindən artıq geniş olduğu iddiasındadırlar.
Məhkəmə çəkişməsi Böyük Britaniyada 2023-cü ildə qəbul edilmiş “Onlayn Təhlükəsizlik Qanunu” ilə bağlı ilk hüquqi mübahisələrdən biridir. Qanun “Facebook”, “Instagram”, “TikTok” və “X” kimi sosial media platformalarında uşaqların zərərli və qanunsuz məzmundan qorunması məqsədilə daha sərt tələblər müəyyən edir. Bu ilin fevralında “Ofcom” texnologiya şirkətlərindən məzmunun moderasiyası ilə bağlı ətraflı statistik məlumatlar tələb edib. Buraya silinən və ya görünürlüğü məhdudlaşdırılan paylaşımların, eləcə də zərərli məzmunla qarşılaşan istifadəçilərin sayı barədə məlumatlar daxildir.
“Meta”, “TikTok” və “X” bu tələblərin şirkətlər üçün misli görünməmiş tənzimləmə yükü yaratdığını bildirərək məhkəməyə müraciət ediblər. Lakin London Ali Məhkəməsi onların arqumentlərini qəbul etməyib.
Qeyd edək ki, Böyük Britaniyanın yeni onlayn təhlükəsizlik qaydalarına əsasən, ciddi qanun pozuntularına yol verən texnologiya şirkətləri qlobal illik dövriyyələrinin 10 faizinə qədər cərimələnə bilərlər.










