Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib - ŞƏRH
Tarix bəzən xalqların qarşısında elə taleyüklü suallar qoyur ki, onların cavabı siyasi qərarlarla bərabər, milli iradənin səfərbər edilməsi, tarixi yaddaşın dirçəldilməsi və gələcəyin fəlsəfi əsaslarının müəyyənləşdirilməsi ilə mümkün olur. Belə məqamlarda şəxsiyyətin böyüklüyü tutduğu vəzifənin miqyası ilə deyil, xalqının taleyində yaratdığı dönüşün dərinliyi ilə ölçülür. XX əsrin mürəkkəb siyasi kataklizmləri, imperiyaların süqutu və yeni dövlətçilik reallıqları fonunda Azərbaycan xalqının tarixi inkişafına istiqamət verən Ümummilli Lider Heydər Əliyevin missiyasını da məhz bu müstəvidə dəyərləndirmək lazımdır. Onun xidmətləri müasir Azərbaycanın siyasi və iqtisadi quruculuğu ilə məhdudlaşmır. Bu missiyanın daha dərin qatında xalqın özünü dərk etməsi, milli kimliyini bütöv şəkildə qavraması və azərbaycançılığın müstəqil dövlətin ideoloji təməli kimi formalaşdırılması dayanır.
ERAmedia xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.
Deputat bildirib ki, hər bir xalqın tarixi mövcudluğu ilə onun milli şüuru arasında mürəkkəb vəhdət mövcuddur: “Xalqı yalnız eyni ərazidə yaşayan insanların məcmusu kimi səciyyələndirmək mümkün olmadığı kimi, milləti də təkcə ortaq mənşə və dil əsasında izah etmək kifayət deyil. Millət, hər şeydən əvvəl, ortaq tarixi yaddaşın, mənəvi dəyərlərin, gələcəyə dair ümumi təsəvvürlərin və siyasi iradənin daşıyıcısıdır. Bu mənada milli ideologiya xalqın kim olduğunu, hansı dəyərlərə söykəndiyini və hansı məqsədlərə doğru irəlilədiyini müəyyənləşdirən mənəvi-intellektual sistemdir. Heydər Əliyevin azərbaycançılıq qarşısındakı ən mühüm xidmətlərindən biri onun tarixi-mədəni mahiyyətini müstəqil dövlətin ideoloji prinsipləri səviyyəsinə yüksəltməsidir. Ulu Öndərin strateji baxış bucağından azərbaycançılıq ideyası artıq yalnız milli mənsubiyyət hissini ifadə edən anlayış deyil, dövlətin mövcudluq fəlsəfəsini, cəmiyyətin birliyini və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən ümummilli məfkurə kimi təqdim edildi. Bu məfkurənin mərkəzində isə dövlətçilik dayanır. Dövlətçilik sadəcə ərazi, sərhəd və idarəetmə mexanizmlərinin mövcudluğu deyil. O, xalqın öz taleyinə sahib çıxmaq iradəsinin siyasi-hüquqi ifadəsidir. Müstəqil dövlət milli varlığın qorunmasının təminatı olmaqla yanaşı, həmin varlığın gələcək nəsillərə ötürülməsi üçün də zəruri şərait yaradır. Bu baxımdan azərbaycançılıqla dövlətçilik bir-birini tamamlayan iki fundamental anlayışdır: milli kimlik dövlətçiliyə mənəvi məzmun verir, dövlətçilik isə milli kimliyin sərbəst inkişafı üçün siyasi məkan yaradır. Heydər Əliyevin ideoloji konsepsiyasında milli-mənəvi dəyərlərin xüsusi yer tutması da bu məntiqdən irəli gəlir. Ana dili, ədəbiyyat, tarix, adət-ənənələr və mənəvi irs xalqın özünəməxsusluğunu qoruyan əsas dayaqlardır. Lakin bu dəyərləri qorumaq keçmişi dəyişməz şəkildə təkrarlamaq demək deyil. Əsl milli ənənə yaşadıldıqca inkişaf edən, yeni nəsillərin düşüncəsində yeni məna qazanan və zamanın sınaqlarından keçərək zənginləşən dəyərlər sistemidir. Milli irs müasir həyatın yaradıcı qüvvəsinə çevrildikdə həqiqi tarixi missiyasını yerinə yetirir”.
Azərbaycançılıq məfkurəsi milli birliyin və dövlətçiliyin əsasını təşkil edir
Ulu Öndərin azərbaycançılıq məfkurəsinin sistemləşdirilməsindəki tarixi missiyasının digər mühüm tərəfinin onun bu ideyanı dövlət siyasətinin müxtəlif istiqamətləri ilə əlaqələndirməsi olduğunu vurğulayan deputat qeyd edib ki, hüquqi dövlət quruculuğu, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli mədəniyyətin inkişafı, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması və dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi vahid strateji baxışın tərkib hissələrinə çevrilib.
“Bununla belə, hər hansı ideologiyanın tarixi gücü onun yalnız keçmişdə qazandığı nüfuzla deyil, gələcək nəsillərin həyatında yaratdığı məna ilə müəyyən olunur. Azərbaycançılığın yaşaması onu şüar kimi təkrarlamaqdan daha artıq məsuliyyət tələb edir. Bu məfkurə milli dilə, tarixə və mədəniyyətə hörmətdə, dövlət qarşısında məsuliyyətdə, cəmiyyətin birliyində, insan ləyaqətinə münasibətdə və ölkənin gələcəyinə xidmət edən əməli fəaliyyətdə öz təsdiqini tapmalıdır. Heydər Əliyevin tarixi missiyasını fəlsəfi baxımdan səciyyələndirən əsas cəhət də budur: Ulu Öndər milli ideyanı tarixin yaddaşından götürərək müasir dövlətin ideoloji dayağına çevirdi. Onun fəaliyyəti azərbaycançılığın ayrı-ayrı tarixi mərhələlərdə meydana çıxmış ideya və dəyərlərini vahid dövlətçilik konsepsiyası daxilində birləşdirdi. Bu mənada Ulu Öndərin irsi yalnız müəyyən dövrün siyasi təcrübəsi deyil, milli özünüdərk, dövlətçilik və tarixi məsuliyyət haqqında düşüncələr sistemidir. Zaman dəyişir, beynəlxalq münasibətlər yenilənir, cəmiyyətlər yeni çağırışlarla qarşılaşır. Lakin xalqın özünü tanımaq, öz taleyinə sahib çıxmaq və gələcəyini müstəqil müəyyənləşdirmək ehtiyacı dəyişmir. Azərbaycançılığın tarixi davamlılığı da məhz bu ehtiyacdan qaynaqlanır. Heydər Əliyevin xidmətlərinin miqyası onun bu fundamental həqiqəti siyasi uzaqgörənliklə dərk etməsində və onu dövlət quruculuğunun əsas prinsiplərindən birinə çevirməsindədir”, – deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.









