Astarada tezyetişən naringi artıq yığılır
Astara rayonunda sitrus mövsümü başlayıb. Bağlarda bol məhsul yetişsə də, yay və payız aylarında yağıntının az olması naringinin inkişafına təsir edib. Bu səbəbdən meyvələrin bir hissəsi gözlənilən ölçüyə çatmayıb və nəticədə satış qiymətləri də aşağıdır.
ERAmedia xəbər verir ki, hazırda Astaranın sitrus bağlarında əsasən tezyetişən “Karli” sortunun yığımı aparılır. Yerli naringi sortları daha gec yetişdiyindən onların yığımına hələ başlanılmayıb. Fermerlər hazırda erkən yetişən məhsulun toplanmasına və satışına üstünlük verirlər.
Astara bağlarında naringinin kütləvi yığımına isə noyabr ayının əvvəllərində başlanılması gözlənilir. Yerli sortların yetişməsi ilə əlaqədar həmin dövrdə yığımın daha geniş ərazini əhatə edəcəyi və bazara çıxarılan məhsulun həcminin artacağı proqnozlaşdırılır.
Astara Rayon Statistika İdarəsinin məlumatına əsasən, rayonda naringi bağlarının ümumi sahəsi 2676 hektardır. Bu bağların 2080 hektarı məhsuldar ərazilərdir. Ötən il Astara rayonunda 58 min 363 ton naringi istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 280,6 sentner təşkil edib.










