media-106820278-1609972654383-hand-holding-a-bitcoin-in-front-of-a-computer-screen-with-a-dark-graph-blockchain-mining-bitcoin_t20_prrrjp

“Binance” kriptovalyuta birjası mümkün təhlükəsizlik pozuntusu ilə bağlı araşdırmalar davam etdiyi bir vaxtda dondurulması təsdiqlənən aktivlərin ümumi həcminin 2,54 milyard dollar təşkil etdiyini açıqlayıb.

ERAmedia xəbər verir ki, şirkətin yaydığı məlumatda ictimaiyyətə dondurulmuş aktivlərin həcmi ilə bağlı müxtəlif rəqəmlərin, o cümlədən dövriyyədə olan 1,8 milyard dollar məbləğində vəsaitə dair məlumatların çatdığı bildirilib. Qeyd olunub ki, hazırda dondurulması təsdiqlənən aktivlərin ümumi məbləği 2,54 milyard dollardır.

Açıqlamada vurğulanıb ki, şirkətin müvafiq qrupları hüquq-mühafizə orqanları, aktiv emitentləri, blokçeyn analitikası üzrə ixtisaslaşmış şirkətlər və sektorun digər tərəfdaşları ilə sıx əməkdaşlıq edərək əlavə vəsaitlərin izinə düşmək və onları dondurmaq istiqamətində fəaliyyətini davam etdirir. Bu səbəbdən sözügedən məbləğin artacağı istisna edilmir. Şirkət yalnız təsdiqlənmiş rəqəmləri açıqlayacağını və yeni məlumatlar dəqiqləşdikcə ictimaiyyəti məlumatlandıracağını bildirib.

“Binance”in digər açıqlamasında təhlükəsizlik probleminin aradan qaldırılması üçün fasiləsiz iş aparıldığı qeyd olunub. Şirkət, həmçinin “Binance bütün itkiləri qarşılayacaq” bəyanatını verib.

Ehtiyat tədbiri olaraq bütün vəsait yatırma və çıxarma əməliyyatlarının müvəqqəti dayandırıldığı bildirilib. Araşdırma başa çatdıqdan sonra hadisə ilə bağlı ətraflı məlumatın təqdim ediləcəyi vurğulanıb.

Daha əvvəl “Binance” mümkün təhlükəsizlik problemi ilə bağlı məlumatlardan xəbərdar olduğunu və məsələni fəal şəkildə araşdırdığını açıqlamış, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin edildiyini bildirmişdi.

“CZ” kimi tanınan “Binance”in həmtəsisçisi və keçmiş baş icraçı direktoru Çanpen Çjao da sosial media hesabındakı paylaşımında istifadəçilərin vəsaitlərinin təhlükəsiz olduğunu qeyd etmişdi. Hadisənin “Binance”ə qarşı kiberhücuma bənzədiyini bildirən Çjao “Tether” şirkətinin təxminən 971 milyon dollar, “Circle” şirkətinin isə 823 milyon dollar dəyərində aktivləri operativ şəkildə dondurmasını yüksək qiymətləndirmişdi.


media-adspc

Bənzər xəbərlər