Bakı Ankaradan nə gözləyirdi? -TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən sammitində iştirak etməməsi Bakı-Ankara münasibətlərində qarşılıqlılıq prinsipinin ön plana çıxması ilə bağlı ola bilər.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Əliyevin sammitdə iştirak etməməsinin rəsmi səbəbi prezidentin proqramı ilə bağlı olsa da, bu qərarın arxasında Türkiyədə Azərbaycana qarşı aparılan informasiya kampaniyasından yaranan narazılıq da dayana bilər.
Məlumata görə, oktyabrın 30-da Bakıda keçirilən FİFA U-15 dünya çempionatı və festivalının mükafatlandırma mərasimində dövlət başçısının iştirakı nəzərdə tutulub. Bu səbəbdən Azərbaycanı Ankara sammitində xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Asif Nərimanlının fikrincə, vəziyyəti qarşılıqlılıq prinsipi çərçivəsində də qiymətləndirmək mümkündür. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-cü ildə TDT-nin Şuşada keçirilən sammitində iştirak etməmiş, həmin vaxt Berlində Türkiyə millisinin Niderland yığması ilə futbol qarşılaşmasını izləmişdi.
Bundan başqa, bu il Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) tədbirlərində Türkiyə prezident səviyyəsində təmsil olunmayıb. Təhlilçi hesab edir ki, Bakı həmin halları anlayışla qarşılayıb və indi də Ankaranın Əliyevin sammitdə iştirak etməməsinə eyni yanaşmanı nümayiş etdirməsini gözləyə bilər.
Onun qənaətinə görə, bu qərar Türkiyədə Azərbaycana qarşı yuxarıdan aşağıya münasibətin qəbul edilmədiyinə dair mesajı da özündə ehtiva edə bilər.
Asif Nərimanlı Əliyevin Ankara sammitində iştirak etməməsinin mümkün səbəblərindən biri kimi Türkiyədə Azərbaycana qarşı aparılan informasiya kampaniyasını göstərir.
Təhlilçinin fikrincə, təxminən üç il əvvəl Azərbaycan-İsrail əməkdaşlığı ətrafında başlayan kampaniya son bir ayda daha geniş miqyas alıb. Türkiyədə bu kampaniyanı aparanların əsas tələbi Azərbaycanın İsraillə, o cümlədən ticarət sahəsində bütün əlaqələrini kəsməsidir.
Azərbaycanın bu tələbləri suverenliyinə müdaxilə kimi qiymətləndirdiyini vurğulayan Nərimanlı qeyd edir ki, Bakı Ankaranın özünün də müəyyən dövrdə İsraillə ticarət əlaqələrini davam etdirdiyini nəzərə alır.
Onun fikrincə, İsrailin Qəzza zolağında hərbi əməliyyatları fonunda Türkiyənin bu ölkə ilə ticarəti davam etdirməsi, daha sonra isə 2024-cü ildə ticarət əlaqələrinin dayandırıldığının elan olunması ətrafında yaranan müzakirələr Azərbaycanın mövqeyini izah edən məqamlardandır. Təhlilçi üçüncü ölkələr vasitəsilə ticarətin davam etməsi ilə bağlı iddiaların da Türkiyədəki müzakirələrdə yer aldığını bildirir.
BMT Baş Assambleyasının sessiyasında İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı zamanı azərbaycanlı diplomatın zalı tərk etməməsi də Türkiyədə geniş müzakirələrə səbəb olub.
Nərimanlının fikrincə, bu davranış diplomatik etiket çərçivəsində qiymətləndirilməli olduğu halda, məsələ Azərbaycana qarşı tənqidlər üçün bəhanəyə çevrilib. Daha sonra vahid məktəbli forması məsələsi ətrafında da Azərbaycana qarşı tənqidlər səsləndirilib.
Təhlilçi hesab edir ki, Azərbaycanın İrandan gözlədiyi təzyiq və tənqidlərin qardaş ölkə Türkiyədən gəlməsi Bakı-Ankara münasibətlərində narazılığı artıran amillərdən biri olub.
Asif Nərimanlının fikrincə, Azərbaycan Türkiyədəki informasiya kampaniyası fonunda iki əsas məsələyə aydınlıq gətirmək istəyib.
Birinci məsələ kampaniyada Türkiyənin hakim dairələrinə yaxın şəxslərin, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının və himayə edilən radikal dini qrupların iştirakına dair iddialarla bağlıdır. Təhlilçi hesab edir ki, bu məqamlar kampaniyanın təşkilində hakimiyyət çevrələrinin mümkün roluna diqqət çəkib.
İkinci məsələ isə rəsmi Ankaranın baş verənlərə münasibəti və prosesə müdaxilə etməməsi ilə əlaqələndirilir.
Nərimanlının qənaətinə görə, Türkiyə tərəfinin vəziyyətə gec müdaxilə etməsi münasibətlərdə narazılığın yaranmasına təsir göstərib. Ankara problemlərin həlli istiqamətində müəyyən addımlar atsa da, Azərbaycanın mövcud vəziyyəti hələ də qənaətbəxş hesab etməməsi mümkündür.
Təhlilçi bu qənaətini iki məqamla əsaslandırır: Türkiyədə Azərbaycana qarşı kampaniya müəyyən qədər səngisə də, tam başa çatmayıb və son bir ayda aparılan təbliğat Türkiyə cəmiyyətinin bir hissəsində Azərbaycanla bağlı mənfi rəyin formalaşmasına təsir göstərib.
Onun fikrincə, Bakı bu vəziyyətlə barışmaya və Əliyevin Ankara sammitində iştirak etməməsi Türkiyə rəhbərliyinin yanaşmasının qənaətbəxş hesab edilməməsi ilə bağlı ola bilər.
Asif Nərimanlı hesab edir ki, baş verənləri Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyətindən narazılığı və ya türk dünyasından uzaqlaşması kimi qiymətləndirmək düzgün olmazdı.
Təhlilçinin fikrincə, Azərbaycan türk dünyasındakı mövqeyini qoruyur və Əliyevin sammitdə iştirak etməməsi Bakı-Ankara münasibətlərində hər şeyin bitdiyi anlamına gəlmir. Prezident İlham Əliyevin oktyabrın 29-da Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktub da münasibətlərin ümumi xarakteri baxımından nəzərə alınmalı məqamdır.
Nərimanlının qənaətinə görə, Bakı bu addımla Türkiyə də daxil olmaqla bütün dövlətlərlə münasibətlərində bərabərlik və qarşılıqlılıq prinsipinin vacibliyini nümayiş etdirir.
Təhlilçi hesab edir ki, Azərbaycanın son dövrdə Türkiyədə ona qarşı formalaşan münasibətin dəyişdirilməsinə nail olmaq üçün bu cür mövqe sərgiləməsi mümkün variantlardan biridir.
Vural










