media-whatsapp-image-2026-10-30-at-11-10-01

Avstraliyanın Ledi-Elliot adası sahillərində insanlar mütəmadi olaraq dənizdə əslində mövcud olmayan üçüncü mayakın işığını gördüklərini bildirirlər. Alimlər bu optik hadisəni virtual reallıqda canlandıraraq beynin işıq mənbəyinin yerini necə səhv müəyyənləşdirə bildiyini araşdırıblar.

ERAmedia xəbər verir ki, tədqiqatın nəticələri “Open Mind” jurnalında dərc olunub.

Adada iki həqiqi mayak yerləşir. Onlardan birincisi 1873-cü ildə tikilib, 1995-ci ildə isə istismardan çıxarılaraq naviqasiya xəbərdarlığı funksiyası ikinci mayaka həvalə edilib. Buna baxmayaraq, adaya gələn turistlər üfüqdən işıq saçırmış kimi görünən müəmmalı üçüncü işıq mənbəyi barədə məlumat verməyə davam edirlər. Bu optik illüziya o qədər məşhurdur ki, hətta adanın turizm bələdçisində də qeyd olunub.

Oxşar hadisələr dünyanın başqa yerlərində də müşahidə edilib. Bu illüziyanın məlum olan ən erkən təsviri 1937-ci ilə aiddir. Həmin vaxt şahidlər Fransanın Bretan bölgəsinin sahillərində oxşar hadisə ilə qarşılaşdıqlarını bildiriblər.

Baş verənləri anlamaq üçün tədqiqatçılar əvvəlcə Ledi-Elliot adasında fenomeni birbaşa araşdırıb, daha sonra onun virtual modelini yaradıblar. Eksperimentin nəticələri real şəraitdə aparılan müşahidələrlə demək olar ki, üst-üstə düşüb.

Bu illüziyanı özünüz də sınaqdan keçirə bilərsiniz.

Gecə vaxtı mayakla dənizin arasında, qüllədən ən azı 70 metr məsafədə dayanıb mayaka baxmaq lazımdır. Bu zaman fırlanan işıq şüası aydın görünəcək. Daha sonra mayaka arxa çevirərək dənizə baxmaq lazımdır. İşıq mənbəyinin arxada olduğunu bilsə də, insan şüanın sanki üfüqdən gəldiyini düşünə bilər.

Hətta bir neçə dəfə arxaya çevrilərək həqiqi mayakın yerini yoxlamaq da bu illüziyanı mütləq aradan qaldırmır.

Tədqiqatçıların məlumatına görə, eksperimentdə müşahidəçinin mayakdan 300 metr məsafədə dayandığı və əks istiqamətə baxdığı vəziyyəti əks etdirən virtual modeldən istifadə olunub. Buna baxmayaraq, işıq sanki müşahidəçinin qarşısında hərəkət edən bir mənbədən gəlirmiş kimi qəbul edilib.

Alimlər bu effekti görmə sisteminin hiss orqanlarından daxil olan məlumatları insanın gözləntiləri ilə birləşdirməsi ilə izah edirlər. Qaranlıqda beyin obyektlərin məsafəsi haqqında az məlumat əldə etdiyindən öz ehtimallarına daha çox güvənir.

Tədqiqatçılar bunu tamamilə qaranlıq otaqda yerləşən kiçik, işıqlı disk nümunəsi ilə izah edirlər. Belə bir disk yaxınlıqdakı kiçik əşya da, uzaqda yerləşən daha böyük obyekt də ola bilər. Görmə üçün istiqamətləndirici əlamətlər kifayət etmədikdə beyin özünə ən inandırıcı görünən izahı seçir.

Eyni mexanizm xəyali mayak hadisəsində də işləyir. Əslində, işıq şüasının uzaqda yerləşən hissəsi müşahidəçidən xeyli aralıda olur və yüksək sürətlə hərəkət edir. Lakin beyin onu daha yaxın və yavaş hərəkət edən obyekt kimi qavraya bilər. Nəticədə insanda işıq mənbəyinin arxasında deyil, qarşısında yerləşdiyi təəssüratı yaranır.

Bu nəzəriyyə alimlərə yoxlanıla bilən bir fərziyyə irəli sürməyə imkan verib. Əvvəllər illüziyanın mayakdan 1-4 kilometr məsafədə yarandığı düşünülürdü. Lakin tədqiqatçılar onun meydana çıxması üçün təxminən 70 metr məsafənin kifayət edə biləcəyini ehtimal ediblər. Virtual reallıqda aparılan eksperimentlər və adadakı müşahidələr bu fərziyyəni təsdiqləyib.

Bu fenomen beynin fəaliyyət mexanizmini nümayiş etdirir. Tədqiqatçılar beyni tez-tez proqnozlaşdırma sistemi adlandırırlar. Belə ki, beyin ətraf aləmi şərh etmək üçün hiss orqanlarından gələn məlumatları daim gözləntilərlə müqayisə edir.

Əksər hallarda bu mexanizm insana gördüklərini düzgün anlamağa kömək edir. Lakin bəzən səhvlərə də səbəb olur. Məsələn, “krater illüziyası” adlanan hadisədə işığın istiqaməti işıqlandırmanın yuxarıdan gəldiyinə dair adi gözləntilərlə ziddiyyət təşkil etdikdə çökəklik qabarıq təpə kimi qəbul edilə bilər.

Tədqiqatçıların fikrincə, optik illüziyalar yalnız qavrayış səhvlərini göstərdiyinə görə maraqlı deyil. Onlar həmçinin beynin ətraf aləmi əksər hallarda necə düzgün şərh etdiyini anlamağa kömək edir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər