“Hüquqi müdafiə üçün pulun olmaması artıq maneəyə çevrilməməlidir”- Deputat
“Bu gün müzakirəmizə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ölkəmizin hüquq sistemində, xüsusilə də insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər bir şəxsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin etiraf etməliyik ki, məhkəmə müdafiəsi və hüquqi yardım almaq imkanı təkcə kağız üzərində deyil, real həyatda hər bir vətəndaş üçün əlçatan olmalıdır. Təqdim olunan qanun layihəsi də məhz bu ali məqsədə – ədalət mühakiməsinə hamı üçün bərabər və maneəsiz əlçatanlıq prinsipinin reallaşdırılmasına xidmət edir”.
ERAmedia xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu sənəd sadəcə hüquqi norma və mexanizmlər toplusu deyil, sosial dövlət anlayışının real həyatda təzahürüdür: “Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, cəmiyyətimizin kövrək zümrələri artıq maliyyə imkanlarından asılı olmayaraq dövlət hesabına keyfiyyətli hüquqi yardım ala biləcəklər. Bu yanaşma cəmiyyətin həssas təbəqələrinin hüquqi müdafiəsiz qalmasının qarşısını almağa imkan verəcək.
Bununla yanaşı, qanun layihəsi hüquqi yardımın göstərilməsi mexanizminə də tamamilə yeni bir baxış gətirir. Belə ki, sənəddə hüquqi yardım ilkin və peşəkar hüquqi yardım olaraq iki səviyyəyə bölünür. Burada xüsusilə diqqət çəkən yenilik “paraleqal” institutunun və ali təhsil müəssisələrində “hüquq klinikaları”nın fəaliyyətinin qanunvericilik səviyyəsində təsbit olunmasıdır. Bu mexanizm xüsusilə regionlarda, ucqar kəndlərdə yaşayan vətəndaşlarımızın məlumatlandırılması, ərizə və müraciətlərinin hazırlanması prosesini sürətləndirəcək və hüquqi maarifləndirməni yeni səviyyəyə qaldıracaq”.
Onun fikrincə, sistemin səmərəli fəaliyyəti hüquq cəmiyyətinin sosial məsuliyyətindən də bilavasitə asılıdır.
“Layihədə vəkillərin il ərzində ödənişsiz hüquqi yardım göstərməsi öhdəliyinin nəzərdə tutulması vəkillik peşəsinin sosial məsuliyyətini artıracaq, cəmiyyətə xidmət ruhunu gücləndirəcəkdir. Bütün bu xidmətlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, xidmət haqlarının dəqiq misillərlə hesablanması və Vəkillər Kollegiyası tərəfindən elektron reyestrlərin, rüblük və illik hesabatlılığın aparılması sistemdə şəffaflığı və operativliyi təmin edəcəkdir”, – o bildirib.
Mələk Onur










