Ekranlardan uzaq düşən aktyorun çətin həyat yolu
Azərbaycan tamaşaçısının “Sehrli güzgü” verilişindən tanıdığı aktyor və aparıcı Adışirin Bağırov həyatının müxtəlif dövrlərində həm sənətdə uğur qazanıb, həm də ciddi maddi çətinliklərlə üzləşib.
ERAmedia xəbər verir ki, 66 yaşlı sənətçi uşaqlıq illərindən başlayaraq yaşadığı çətinliklər, televiziyadakı fəaliyyəti və ailəsi ilə bağlı xatirələri ilə diqqət çəkir.
Masallıda dünyaya gələn Adışirin Bağırovun uşaqlığı ağır maddi şəraitdə keçib. O, hələ üçüncü sinifdə oxuyarkən anasını itirib, atası isə toyuq fermasında qarovulçu işləyib. Kiçik yaşlarından ailəsinə kömək etməyə məcbur qalan gələcək aktyor atasına nahar aparmaq üçün günorta evdən çıxmalı olurdu.
1982-ci ildə Bakıya gələn Bağırov İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olub, daha sonra aktyorluq üzrə təhsil alıb. Onun sənət həyatında dönüş nöqtəsi 1988-ci ildə keçirilən “Bakı payızı-88” müsabiqəsi olub. Üç yaşlı uşaqla səhnəyə çıxaraq etdiyi çıxışdan sonra AzTV-dən dəvət alan sənətçi uşaq verilişlərinin aparıcısı kimi fəaliyyətə başlayıb.
“Lay-lay” və “Kim yatmış, kim oyaq” kimi proqramlardan sonra ona “Sehrli güzgü” verilişi həvalə edilib. Təxminən 15 il bu proqramın aparıcısı olan Bağırov tamaşaçıların yaddaşında “Sim Sim Lələ” obrazı ilə qalıb.
Lakin televiziya ekranlarında tanınmaq onun həyatının hər zaman rahat olması demək deyildi. İşsiz qaldığı dövrdə maddi sıxıntılar yaşayan aktyor dolanışığını təmin etmək üçün yaşadığı qəsəbədəki marketdə işləməyə başlayıb. O, gündəlik qazanc əldə edərək ailəsinin ehtiyaclarını qarşılamağa çalışıb.
Bağırovun sözlərinə görə, onu ən çox incidən məsələlərdən biri nəvələrinin istəklərini yerinə yetirə bilməməsi olub. Nəvələrini parka apararkən onların istədiklərini ala bilməməsi sənətçini başqa işlərdə çalışmağa belə razı salıb. O, bu çətinliklərə baxmayaraq, ailəsinin qayğısını çəkməyə çalışıb.
Aktyor ağır günlərində ona dəstək olan insanları da unutmayıb. “Sehrli güzgü” verilişində birlikdə çalışdığı uşaqların atası Hüseynin xəbəri olmadan kommunal xərclərini ödədiyini, evinə ərzaq göndərdiyini xatırladaraq bu yardımı böyük minnətdarlıqla qeyd edib.
Sənətçinin maddi çətinlikləri ailə həyatına da təsir göstərib. Bir oğlu və bir qızı olan Adışirin Bağırov vaxtilə imkansızlıq üzündən oğluna toy edə bilmədiyini bildirib. Hazırda onun dörd nəvəsi var: oğlunun bir qızı və bir oğlu, qızının isə iki qızı.
Uzun illər tamaşaçıların qarşısında olan, uşaqların sevgisini qazanan Adışirin Bağırov bu gün həyatının yeni mərhələsini yaşayır. Təqdim olunan məlumata görə, aktyor hazırda işlə təmin olunub.
Onun həyat hekayəsi sənət adamlarının ekran arxasında yaşadığı çətinlikləri, ailə məsuliyyətini və ağır günlərdə göstərilən insan dəstəyinin əhəmiyyətini bir daha gündəmə gətirir.
Əli Fərhad










