media-179336264444538032_1200x630

Noyabrın 1-də Bakıda Vətən müharibəsində qazanılan tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş ənənəvi “Qələbə qaçışı” keçiriləcək.

ERAmedia xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunacaq yarış bu il də “Qürurla irəli” şüarı altında təşkil olunacaq.

Altıncı dəfə baş tutacaq “Qələbə qaçışı” bu il rekord sayda iştirakçını bir araya gətirəcək. Qeydiyyat nəticələrinə əsasən, yarışda 2000-ə yaxın şəxsin iştirakı gözlənilir.

Xeyriyyə məqsədi daşıyan yarışda hər bir iştirakçı qeydiyyat zamanı minimum 20 manat məbləğində ianə edib. Toplanan vəsaitin tam hissəsi “YAŞAT” Fonduna köçürüləcək.

İştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometr məsafə qət edəcəklər. Yarış saat 10:00-da başlayacaq. Finişə ilk çatan iştirakçılar mükafatlandırılacaqlar.

Qaçış başa çatdıqdan sonra iştirakçıları və qonaqları konsert proqramı gözləyir. Proqram çərçivəsində Xalq artisti Röya, Murad Arif və digər tanınmış ifaçılar çıxış edəcəklər.

Bununla yanaşı, oktyabrın 31-də saat 11:00-dan 19:00-dək, noyabrın 1-də isə saat 09:00-dan 18:00-dək fan-zona fəaliyyət göstərəcək. Fan-zonada müxtəlif yaş qrupları üçün maraqlı fəaliyyətlər, idman proqramları və əyləncəli oyunlar təşkil olunacaq.

Qeyd edək ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.


media-adspc

Bənzər xəbərlər