Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib
Quba rayonundan olan Vətən müharibəsi iştirakçısı Mirzəağa Mirzəyevə Dövlət Məşğulluq Agentliyinin “Səyyar Kofe Evləri – Regionlarda” layihəsi çərçivəsində 2025-ci ilin iyul ayında kofe aparatı təqdim edilib. Bu dəstək onun sahibkarlıq fəaliyyətinə başlamasına və yeni iş yerləri açmasına şərait yaradıb.
ERAmedia xəbər verir ki, hazırda Mirzəağa Mirzəyevin kofe məkanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba rayonunda yerləşən filialının yaxınlığında fəaliyyət göstərir. Müştərilərinin əksəriyyətini isə tələbələr təşkil edir. Burada kofenin qiyməti 50 qəpikdən 4 manat 50 qəpiyədək dəyişir.
Tələbələrin kofeyə marağı, eləcə də rayon sakinləri arasında bu məhsulun istehlakının artması Mirzəağa Mirzəyevin fəaliyyətinə müsbət təsir göstərib. O, Dövlət Məşğulluq Agentliyinin “Peşəfest” layihəsində də bir neçə dəfə iştirak edərək təcrübəsini artırıb.
Fəaliyyətinə marağın artdığını və müştəri tələbatının yüksəldiyini görən müharibə iştirakçısı öz vəsaiti hesabına əlavə kofe aparatı alaraq, bu il daha bir məkan da açıb. Beləliklə, dövlət dəstəyi ilə başladığı kiçik biznesini genişləndirməyə nail olub.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Mirzəağa Mirzəyev “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu ilin sentyabr ayında açıqladığı məlumata əsasən, tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar. Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunublar. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.










