11 döyüş yoldaşını xilas edən Milli Qəhrəman
Birinci Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanlarından olan Valeh Müslümovun döyüş yolu və qəhrəmanlığı bu gün də gənc nəsil üçün örnək hesab olunur.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Birinci Qarabağ müharibəsində yüzlərlə qəhrəmanlıq nümunəsi göstərən şəhidlər olsa da, onların bir çoxu barədə cəmiyyətdə kifayət qədər məlumat yoxdur.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə ilk dəfə 11 şəhidə Azərbaycanın Milli Qəhrəmanı adı verilib və həmin qəhrəmanlardan biri də Valeh Müslümov olub.
Tarixçi qeyd edib ki, Valeh Əlirza oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik rayonunun Kəvçəvəl kəndində anadan olub. O, gənc yaşlarından tikinti və memarlıq sahəsində xüsusi istedadı ilə seçilib, milli ornamentlərin binalar üzərində işlənməsi sahəsində peşəkar kimi tanınıb.
“Qarabağda müharibə başlayanda Rusiyada yaşayan dostları ona orada qalaraq sənəti ilə məşğul olmağı və yaxşı gəlir əldə etməyi təklif ediblər. Lakin Valeh Müslümov bu təklifə “Torpağım əldən gedirsə, sənətim kimə lazımdır?” cavabını verərək Vətənə qayıdıb”, – deyə Zaur Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Valeh Müslümov 1991-ci ilin avqust ayından Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb və Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Zaur Əliyev bildirib ki, Milli Qəhrəman 1992-ci il aprelin 8-dən 9-na keçən gecə Ağdərə rayonunun Marquşavan ərazisində gedən döyüşdə misilsiz şücaət göstərib.
“Qeyri-bərabər döyüş zamanı yaralanmış 11 döyüş yoldaşını mühasirədən çıxararaq təhlükəsiz əraziyə çatdırıb. Hadisə şahidlərinin dediklərinə görə, ağır yaralanmasına baxmayaraq döyüşü dayandırmayıb. Hətta onu təxliyə etmək istəyənlərə etiraz edib və yarasına tibbi müdaxilə olunmasına imkan verməyib. Sonuncu yaralı döyüş yoldaşını da təhlükəsiz yerə çatdırdıqdan sonra həddindən artıq qan itirməsi nəticəsində şəhid olub”, – tarixçi əlavə edib.
Zaur Əliyevin sözlərinə görə, bu gün Lerik şəhərindəki 2 nömrəli tam orta məktəb Valeh Müslümovun adını daşıyır, rayonda onun xatirəsinə memorial kompleks ucaldılıb.
Tarixçi hesab edir ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların həyat və döyüş yolu daha geniş təbliğ olunmalı, onların göstərdiyi fədakarlıq gənc nəslə çatdırılmalıdır.
Vüsalə









