media-socar-1

Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payı 2030-cu ilədək nəzərdə tutulan 30 faizlik hədəfi üstələyərək 34-38 faizə çata bilər.

ERAmedia xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin sürətləndirilməsi: Bərpaolunan enerji investisiya üçün cəlbedici imkan kimi” adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji gələcəyini xarakterizə edən əsas anlayış diversifikasiyadır.

“SOCAR 2023-cü ildə şirkətin inkişaf strategiyasını tamamilə yeniləyərək ənənəvi neft-qaz şirkətindən daha şaxələndirilmiş enerji şirkətinə çevrilmək istiqamətində addımlar atıb. 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması nəzərdə tutulurdu. Lakin hazırkı inkişaf dinamikası göstərir ki, bu göstərici 34-38 faizə qədər yüksələ bilər”, – deyə o qeyd edib.

SOCAR-ın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan etibarlı neft və qaz ixracatçısı statusundan imtina etmir: “Bu, ideoloji deyil, iqtisadi seçimdir. Biz neft və qaz ixracını davam etdirməklə yanaşı, enerji portfelimizi bərpaolunan enerji mənbələri hesabına genişləndiririk”.


media-adspc

Bənzər xəbərlər