media-image_940x_69f45af7e95df

ABŞ və İran arasında imzalanan anlaşma memorandumunun məzmunu Tehranın diplomatik uğuru kimi qiymətləndirilə bilər.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, memorandumun mətni ən azı nəzəri baxımdan ABŞ-ın geri çəkilməsi kimi dəyərləndirilə bilər və İranın “qələbə elanı” məhz sənəddə əks olunan müddəalara əsaslanır.

Onun sözlərinə görə, ABŞ İran kampaniyasında əsas hədəfi hesab olunan rejim dəyişikliyinə nail ola bilməyib. Əksinə, Vaşinqton devirmək istədiyi qüvvələrlə danışıqlar masasında razılığa gəlir və İran rejimi nəinki mövcudluğunu qoruyub saxlayır, hətta tələblərinin əks olunduğu memorandumun ortaya çıxmasına nail olur.

Təhlilçi qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarətlə bağlı hədəfləri də memorandumda öz əksini tapır. Bunun praktikada nə dərəcədə reallaşacağı sual doğursa da, boğaz məsələsində ABŞ-ın fərqli taktiki yanaşma sərgilədiyi görünür.

Asif Nərimanlının fikrincə, Tehran nüvə silahı əldə etməyəcəyinə dair öhdəlik götürsə də, ölkənin “nüvə ehtiyacları” məsələsi açıq saxlanılır və bu məqamın yekun razılaşmada öz əksini tapması gözlənilir.

Siyasi təhlilçi vurğulayıb ki, memorandum İranın bütün sanksiyaların ləğvi və gələcəkdə yeni sanksiyaların tətbiq edilməməsi ilə bağlı tələblərini də ehtiva edir. Bundan əlavə, “Hizbullah”la bağlı İranın mövqeyinin sənəddə yer alması Tehran üçün mühüm nəticələrdən biri hesab olunur.

A.Nərimanlı bildirib ki, memorandumda İranın proksi qüvvələrə dəstəyi və raket proqramı məsələlərinin yer almaması da Tehranın mövqeyi baxımından əhəmiyyətli uğur sayılır.

Onun sözlərinə görə, ABŞ-ın əsas qazancı zənginləşdirilmiş uranın durulaşdırılması və İranın nüvə silahı əldə etməməsi ilə bağlı öhdəliklərdir. Vaşinqtonun bu razılaşma vasitəsilə İranın nüvə proqramı da daxil olmaqla ölkə üzərində nəzarət imkanları əldə edib-etməyəcəyi isə gələcək proseslərin gedişindən asılı olacaq.

Siyasi təhlilçi hesab edir ki, hazırkı mərhələdə memorandum daha çox Tehranın maraqlarına uyğun görünür. Bununla yanaşı, sənədin yekun razılaşmaya çevrilib-çevrilməyəcəyi və qarşıdakı 60 gün ərzində proseslərin razılaşdırılmış çərçivədə davam edib-etməyəcəyi hələ də açıq sual olaraq qalır.

Vural


media-adspc

Bənzər xəbərlər