ABŞ və İran arasında 14 maddəlik anlaşma iddiası – ŞOK DETALLAR
ABŞ və İran arasında əldə olunduğu iddia edilən və 60 günlük danışıqlar müddətini nəzərdə tutan 14 maddəlik anlaşma memorandumunun məzmunu ilk dəfə ABŞ-dan yüksək səviyyəli bir rəsmi tərəfindən ictimaiyyətə açıqlanıb.
ERAmedia xəbər verir ki, telekonfrans vasitəsilə jurnalistlərə məlumat verən rəsmi şəxs sənədi şəxsən oxuduğunu və geniş şəkildə qiymətləndirdiyini bildirib. O, İranın bu anlaşma çərçivəsində nüvə silahına sahib olmamağı qəbul etdiyini qeyd edib.
Rəsmiyə görə, Hörmüz boğazının yenidən açılması, İranın nüvə materiallarının məhv edilməsi prosesi və ölkənin dondurulmuş 300 milyard dollarlıq vəsaitlərinin sərbəst buraxılması məsələləri də müzakirə gündəliyinə daxil edilib.
ABŞ-li rəsminin açıqladığı və 14 maddədən ibarət olduğu bildirilən memorandumun ilk 7 maddəsi belədir:
1. ABŞ və İran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi olaraq dayandırıldığını elan edir, bir-birinə qarşı güc tətbiq etməməyi və təhdiddən çəkinməyi öhdəsinə götürür.
2. Tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi və daxili işlərinə qarışmamağı qəbul edir.
3. Tərəflər 60 gün ərzində yekun anlaşmanı müzakirə edib tamamlamanı öhdəsinə götürürlər; bu müddət qarşılıqlı razılıqla uzadıla bilər.
4. Anlaşmanın imzalanmasından dərhal sonra ABŞ İran ətrafında tətbiq olunan dəniz blokadasını və məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağı, 30 gün ərzində isə tam şəkildə ləğv etməyi öhdəsinə götürür.
5. İran körfəzindən Oman dənizinə və əks istiqamətdə ticarət gəmilərinin 60 gün müddətində sərbəst keçidi üçün tədbirlər görməyi öhdəsinə götürür. Hürmüz Boğazının gələcək idarəçiliyi üzrə Oman Sultanlığı ilə dialoqların aparılması nəzərdə tutulur.
6. ABŞ bölgə tərəfdaşları ilə birlikdə İranın yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard ABŞ dolları həcmində plan hazırlamağı öhdəsinə götürür.
7. ABŞ BMT Təhlükəsizlik Şurası qərarları, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (UAEA) qərarları və bütün birtərəfli sanksiyalar daxil olmaqla İranla bağlı sanksiyaların mərhələli şəkildə ləğvini öhdəsinə götürür.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın bu iddia edilən 300 milyard dollarlıq ödəniş barədə açıqlamaları dəfələrlə təkzib edib.
8. İran İslam Respublikası bir daha nüvə silahı əldə etməyəcəyini və ya inkişaf etdirməyəcəyini təsdiq edir. ABŞ və İran İslam Respublikası yeddinci bənddə göstərilən qrafikə uyğun olaraq, qarşılıqlı razılaşdırılacaq mexanizm çərçivəsində zənginləşdirilmiş material ehtiyatlarının məhv edilməsini Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) nəzarəti altında yerində seyreltmə yolu ilə minimum tədbir əsasında həll etməyə razılaşırlar. Tərəflər həmçinin yekun sazişdə razılaşdırılacaq qənaətbəxş çərçivə əsasında uranın zənginləşdirilməsi məsələsini və İranın nüvə ehtiyacları ilə bağlı digər qarşılıqlı razılaşdırılmış məsələləri müzakirə etməyi qəbul edirlər. Yekun saziş bu bəndin müddəalarını təsdiqləyəcək və İran bu nüvə məsələlərinin həyati əhəmiyyətini qəbul edəcəkdir. Tərəflər bu məsələlərin həlli üçün qarşılıqlı razılaşma məqsədilə danışıqlara dərhal başlama niyyətlərini ifadə edirlər.
9. Yekun saziş imzalanana qədər ABŞ və İran mövcud status-kvonun qorunması barədə razılığa gəlirlər. İran öz nüvə proqramının hazırkı vəziyyətini saxlayacaq, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgəyə əlavə hərbi qüvvə yerləşdirməyəcək.
10. ABŞ bu anlaşma memorandumunun imzalanmasından dərhal sonra və sanksiyaların ləğvinədək İran nefti, neft məhsulları və törəmələrinin ixracı, eləcə də bank, sığorta, nəqliyyat və digər əlaqəli xidmətlər üçün ümumi güzəştlər verəcəyini öhdəsinə götürür.
11. ABŞ bu anlaşmanın qüvvəyə minməsi ilə İranın dondurulmuş və ya məhdudlaşdırılmış vəsait və aktivlərinin istifadəyə tam açılacağını təmin etməyi öhdəsinə götürür. Tərəflər danışıqlar zamanı bu vəsaitlərin azad edilmə prosedurları barədə razılığa gələcəklər. Bu vəsaitlər, istər əsas hesabdan, istərsə də köçürmə yolu ilə əldə edilsin, İran Mərkəzi Bankının müəyyən etdiyi son benefisiara ödənişlər üçün tam istifadə edilə biləcək. ABŞ bunun üçün bütün zəruri lisenziya və icazələri verəcək.
12. ABŞ və İran bu anlaşma memorandumunun icrasına və gələcək yekun sazişə əməl olunmasına nəzarət etmək üçün icra mexanizminin yaradılması barədə razılaşırlar.
13. Memorandum imzalandıqdan sonra 1, 4, 5, 10 və 11-ci bəndlərin icrasına başlanılacaq və bu tədbirlərin davamlı tətbiqi şərti ilə tərəflər yekun saziş üzrə digər bəndlər barədə yalnız qarşılıqlı danışıqlara başlayacaqlar.
14. Yekun saziş BMT Təhlükəsizlik Şurasının məcburi qərarı ilə təsdiqlənəcək.









