Akademikin araşdırmalarında Cəfər Cabbarlı - Asif Rüstəmli yazır...
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun müqtədir söz ustadı, böyük dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığının naməlum məqamlarına həsr etdiyi “Ən uzaqları görən zəif gözlər” (01.05.2026) və “Səsi hər kəsə eşidilən carçı” (08.05.2026) adlı irihəcmli, yeni faktlara, arxiv materiallarına söykənən məqalələri son iki həftə ərzində “525-ci qəzet”in səhifələrində dərc olunmuşdur. Akademikin yeni araşdırması elmi yeniliyi, bənzərsiz yanaşma tərzi, axıcı və poetik üslubu, şirin, cazibədar ahəngi, mötəbər məntiqi ilə diqqəti dövrəsində, məhvərində dolandırmaqdadır. Onun C.Cabbarlının ailə mühiti, təhsili, 12 yaşından yaradıcılığa başlaması, ictimai fəaliyyəti, istiqlala sadiqliyi, əsərlərinin janr müxtəlifliyi, yaşam sürəti, vaxtsız vəfatı və s. haqqında düşüncələri müstəqillik müstəvisində ən yeni dəyərləndirmələrdir.
Cəfər Cabbarlı ilə bağlı araşdırmalarıma yüksək qiymət verdiyi üçün hörmətli akademikimiz Rafael Hüseynov cənablarına minnətdarlığımı bildirirəm.
“Səsi hər kəsə eşidilən carçı” (08.05.2026) məqaləsindən Haqqımda olan seçmələri təqdim edirəm:
– “Yaradıcılığı Azərbaycan Cabbarlışünaslığında ayrıca bir mərhələ olan, həm qiymətli araşdırmaları ilə Cəfərin şəxsiyyətinin, ömür yolunun gizli qalan bir çox naməlumlarını üzə çıxarmış, onu hamımızın daha aydın görməyimizə meydan açmış, digər tərəfdən də, bir neçə onil boyunca apardığı inadlı mənbəşünaslıq tədqiqləri sayəsində görkəmli ədibin xeyli itkin və unudulmuş əsərini ədəbi dövriyyəyə gətirməyə müvəffəq olmuş dəyərli alimimiz Asif Rüstəmli müəyyənləşdirib ki, elə həmin ilin – 1917-nin 27 yanvarında Cəfər Cabbarlı elə təxminən eyni dərdin bir başqa bədii ifadəsi olan “Dilənçi” adlı bir şeir yazıbmış. Bir ata soyuq qış günündə övladını köksünə sıxıb. O ata qarışıq dövrün içərisində müvazinətini itirmiş yüzlərlə, minlərlə insandan biridir. Körpəsini köksünə sıxaraq onun acından ölməməsi üçün dilənməyə məcburdur.”
– “Yorulmaz alimimiz Asif Rüstəmli Cəfər Cabbarlıya və Mirzəbala Məmmədzadəyə həsr etdiyi əsərlərində tariximizin bu alaqaranlıq parçasına gur işıq salmağı bacarmış, həm bu şəxsiyyətlərin öz ömürləri və mübarizələrinin şərəfli səhifələrini, həm də milli tariximizin mütləq yaxşı bilinməli iftixarlı bir kəsiyi barədə gerçəkləri ilk dəfə olaraq ayrıntıları ilə millətə təqdim etmişdir.”
– “Yenə zəhmətkeş alimimiz Asif Rüstəmlinin Cəfər Cabbarlının əlyazmaları arasından tapıb üzə çıxardığı incilərdəndir ki, onillərcə kimsəyə bilinmədən, çap edilmədən qalıb. İstisna etmirəm ki, köhnə araşdırıcılar, lap elə Məmməd Arifin özü bu və buna oxşar dərc edilməmiş Cabbarlı şeirlərinin əlyazmalarını onun arxivində görüb, oxuyub. Olsun ki, sovet dövründə Cəfər Cabbarlının istiqlalçı keçmişi və yaradıcılığı ilə bağlı gerçəkləri və örnəkləri üzə çıxarmaq zamanın şərtlərinə görə mümkünsüzmüş. Günü yetişəndə bunu bir ayrısı yox, məhz Asif Rüstəmli edibsə, zənnimcə, hər dəfəsində hər parçanı iqtibas edəndə “sağ ol!”larımız dilimizdən və qələmimizdən əskik olmamalıdır. Orta sərvətimiz olan itmişləri, qeyb olmuşları, möhkəmcə unudulmuşları dirçəldənlərə, dirildənlərə, onlara yeni günə yaraşan canlılıq bağışlayanlara hamımız borcluyuq.”
Bir daha minnətdarlığımı bildirirəm hörmətli akademik!









