Almaniyadan Ankaradakı zirvə görüşüş barədə mühüm MESAJLAR
Almaniya kansleri Fridrix Merts paytaxt Berlin şəhərində Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşanın liderləri, həmçinin NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edib.
ERAmedia-nın məlumatına görə, Almaniya kansleri Türkiyə ilə bağlı mühüm mesajlar verib.
Merts Ankarada keçiriləcək NATO Zirvəsinə iki həftə qaldığını bildirərək deyib: “Bu mühüm zirvəni birlikdə uğurlu etmək istəyirik. Bu, təhlükəli dövrdə təhlükəsizliyimizə xidmət edir, transatlantik əlaqələrimizi gücləndirir və bizi avropalılar kimi daha da yaxınlaşdırır”.
Bu səbəbdən Fransa, Böyük Britaniya, İtaliya və Polşa liderlərini Ankara zirvəsi öncəsi Berlinə dəvət etdiyini vurğulayan Merts bildirib ki, NATO-nun baş katibi Mark Rutte Vaşinqtondan videobağlantı vasitəsilə görüşə qatılıb.
Merts qeyd edib ki, Rutte yaxın saatlarda ABŞ Prezidenti Donald Trampın ilə görüşəcək. Kansler əlavə edib: “Mən də daha sonra Prezident Donald Trampını, zirvənin ev sahibi Prezident Rəcəb Tayyib Ərdoğanı və digər tərəfdaşları aparılan müzakirələr barədə məlumatlandıracağam.”
Avropanın beş aparıcı ölkəsi kimi bu gün beş mühüm mesaj verdiklərini söyləyən Merts bildirib ki, ilk növbədə bütün müttəfiqlərin maraqlarına uyğun olaraq Avro-Atlantik məkanında təhlükəsizliyi birlikdə qoruyan güclü NATO-nu dəstəkləyirlər.
İkinci mesajın NATO-nun yenilənməsi ilə bağlı olduğunu deyən Almaniya kansleri alyansın Avropa sütununu gücləndirdiklərini, ötən il Haaqada keçirilmiş NATO Zirvəsində qəbul olunan qərarları həyata keçirəcəklərini və müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdıracaqlarını bildirib.
Merts Almaniyanın bu göstəriciyə 2029-cu ildə çatmağı planlaşdırdığını vurğulayıb. O qeyd edib ki, Fransa, Böyük Britaniya, İtaliya və Polşa da müdafiə sahəsinə ciddi investisiyalar yatırır və bu, daha balanslı transatlantik tərəfdaşlığın əsasını təşkil edir.
Üçüncü mesaj olaraq bu yolu birlikdə keçəcəklərini bildirən Merts müdafiə siyasətində yalnız milli səviyyədə hərəkət etməyin yanlış yanaşma olduğunu qeyd edib.
“Transatlantik məkanda və Avropada daha çox əməkdaşlıq istəyirik. Almaniya gücləndikcə qonşularımız özlərini daha təhlükəsiz hiss etməlidirlər”, – deyə kansler bildirib.
Merts əlavə edib ki, Almaniyanı, Bundesveri və ölkənin müdafiə sənayesini NATO və Avropa çərçivəsində daha möhkəm mövqedə görmək istəyirlər. Onun sözlərinə görə, müdafiə sənayesinin qarşısında duran böyük vəzifələrin öhdəsindən gəlmək üçün komanda işi vacibdir.
Kansler vurğulayıb ki, bu yanaşma hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar, süni intellekt və digər müasir texnologiyalar üçün də keçərlidir.
Dördüncü mesajın Ukraynaya dəstəklə bağlı olduğunu deyən Merts bildirib ki, Ankaradakı zirvədə Kiyevə güclü dəstək mesajı verilməlidir.
Almaniya hökumətinin Avropadakı NATO müttəfiqlərinin Ukraynaya ciddi maliyyə öhdəlikləri götürməsini təklif etdiyini qeyd edən kansler deyib: “Rusiyaya verilən mesaj aydındır: Ukrayna güclü qalacaq və Avropanın dəstəyi azalmayacaq”.
G7 Zirvəsindən sonra transatlantik müstəvidə uzun müddətdən bəri görünməyən səviyyədə fikir birliyi yarandığını bildirən Merts Moskvanın bundan nəticə çıxaracağına və sülh danışıqlarının başlanmasının vaxtının çatdığına ümid etdiyini söyləyib.
Beşinci mesaj kimi ABŞ ilə İran arasında əldə olunan razılaşmanı məmnunluqla qarşıladıqlarını bildirən kansler İsveçrənin Bürgenştok qəsəbəsində keçirilən danışıqları dəstəklədiklərini qeyd edib.
“Şərtlər formalaşdıqda biz də öz töhfəmizi verməyə hazırıq”, – deyən Merts bu mesajın da Ankara NATO Zirvəsi öncəsi verilməsinin vacib olduğunu vurğulayıb.
Mətbuat konfransından sonra liderlərin şam yeməyinə keçdikləri və burada beynəlxalq gündəmdəki məsələləri müzakirə etdikləri bildirilib.










