Ankara sammitinin pərdəarxası: Detalların söylədiyi siyasi mesajlar
Detalların ümumi məzmundan daha çox diqqət çəkməsi və hadisələrin təhlilində əsas yer tutması NATO-nun Ankara sammiti ilə bağlı müzakirələrdə də özünü göstərib.
ERAmedia xəbər verir ki, jurnalist Arzu Qazıyeva sosial media hesabında paylaşdığı şərhdə ABŞ Prezidenti Donald Trampın NATO-nun Ankara sammitinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə gəldiyini bəyan etməsinə baxmayaraq, təyyarənin trapındakı görüntünün fərqli təəssürat yaratdığını bildirib.
Paylaşımda qeyd olunur ki, “Politico” nəşrinin yazdığına görə, “Amerika prezidentinin sammitə qatılmasını NATO liderləri gözləyirdilər, amma gətirən məhz Ərdoğan oldu – qolundan mehribanlıqla tutub qayğı və nəvazişlə aparmaqla. Tramp ekstravaqant davranışları ilə Türkiyə prezidentini narahat etməyə bilməzdi: eyni vaxtda müttəfiqlərlə küsüşə bilər, qeyri-etik davranış sərgiləyə bilər və ya gözlənilmədən üzünü çevirib gedə bilərdi. Bütün bunların baş verməməsi üçün onun qolundan yapışıb nəzarətdə saxlamaq lazım idi”.
Arzu Qazıyevanın fikrincə, Donald Trampın yüksək səviyyədə qarşılanması və ona göstərilən mehriban münasibət həm ABŞ-ın dünyada dominant güc kimi qəbul edilməsinin göstəricisi idi, həm də qarşı tərəfin gözləntilərini əks etdirirdi. O hesab edir ki, Tramp da bunu nəzərə alaraq sammit boyunca ev sahibini xoşagəlməz vəziyyətdə qoyacaq davranışlardan çəkinib.
Jurnalist paylaşımında sammitin ilk gününə aid ailə fotosuna da diqqət çəkib. Onun sözlərinə görə, fotoda Ukrayna Prezidenti Volodimir Zelenski soyuq münasibətlərdə olduğu Macarıstanın Baş naziri Viktor Orban və Polşa Prezidenti Karol Navrotskinin yaxınlığında yer alıb. Donald Tramp isə Almaniya Kansleri Fridrix Merts ilə Rəcəb Tayyib Ərdoğanın arasında dayanıb. Emmanuel Makron isə fotoda tək və qara eynəklə görünərək ayrıca diqqət çəkib.
Arzu Qazıyeva sonda bu kadrların sadəcə təsadüf, yoxsa siyasi mesaj olması ilə bağlı sual ünvanlayıb.
Vüsalə










