Aralıq seçkilərin nəticələri Vaşinqtonun Cənubi Qafqaz siyasətinə təsir göstərməyəcək - Metyu Brayza
ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin Prezident Donald Trampın xarici siyasətinə, o cümlədən Vaşinqtonun Cənubi Qafqaza yanaşmasına ciddi təsir göstərəcəyi gözlənilmir. Demokratlar Partiyası Konqresin hər iki palatasına nəzarəti ələ keçirsə belə, bu, ABŞ-nin regiona münasibətində dəyişikliklərə səbəb olmayacaq.
ERAmedia xəbər verir ki, bu barədə AZƏRTACA-a Ceymstaun Fondunun Direktorlar Şurasının üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib.
O qeyd edib ki, ABŞ Konstitusiyasına əsasən, ölkənin xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsi məsuliyyəti Prezidentin üzərinə düşür. Konqres isə xarici siyasət kursunun reallaşdırılması üçün dövlət başçısına ayrılan maliyyənin həcmini müəyyənləşdirməklə, eləcə də müvafiq xərcləri məhdudlaşdırmaqla bu prosesə təsir göstərə bilər.
“Demokratlar Konqresin hər iki palatasına – Nümayəndələr Palatasına və Senata nəzarəti ələ keçirsələr belə, bu, Cənubi Qafqazdakı vəziyyətə təsir göstərməyəcək”, – deyə ekspert qeyd edib.
Metyu Brayzanın fikrincə, Prezident Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verməyə, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya Amerika investisiyalarının cəlb edilməsinə yönəlmiş hazırkı siyasətini davam etdirəcək.
Ekspert izah edir ki, söhbət kritik əhəmiyyətli mineralların tədarükünün təmin edilməsindən, eləcə də onların Cənubi Qafqaz vasitəsilə ABŞ-yə və digər dünya bazarlarına daşınması üçün etibarlı logistika marşrutlarının yaradılmasından gedir.
Aralıq seçkilərin ABŞ-nin xarici siyasətinin digər istiqamətlərinə mümkün təsirindən danışan Metyu Brayza İran ətrafındakı vəziyyəti xüsusi qeyd edib.
“Konqres ABŞ və İsrailin İrana qarşı müharibəsinin maliyyələşdirilməsini bloklamağa çalışarsa, ABŞ-nin xarici siyasətində dəyişikliklər baş verə bilər”, – deyə o vurğulayıb.










