İbrahim nebioglu
Stella Yefimovna musiqi məktəbində mənim müəlliməm idi.
Yeddi il musiqi məktəbinə ayaq döymüşəm. Doğrusu, orta məktəblə yanaşı musiqi təhsili almağa çox da həvəsim yox idi. Bitmək bilməyən solfecio dərsləri, qammalar, eyni parçanı dönə-dönə çalmaq…
Uşaqlığın öz qayğıları vardı, musiqi məktəbi isə onlara yenilərini əlavə edirdi. Amma bir dərsi səbirsizliklə gözləyirdim. Stella Yefimovnanın “Musiqi ədəbiyyatı” – bizim “muzliteratura” dediyimiz dərsi.
O dərslərdə sanki başqa bir dünyaya düşürdüm. Stella Yefimovna Kundış bizə yalnız bəstəkarları, onların əsərlərini öyrətmirdi. Musiqinin arxasındakı insanı, onun taleyini, sevgisini, iztirablarını, bəzən bir ömrə sığmayan faciələrini tanıdırdı. Bəstəkarlar mənim uşaq təsəvvürümdə dərsliklərdəki portretlərdən çıxıb canlı insanlara çevrilirdilər. Sevir, ayrılır, əzab çəkir, bəzən bütün dünyaya küsür, sonra oturub ölməz musiqilər yaradırdılar.
Mənə Qustav Maleri o tanıtmışdı. Musiqinin yalnız səslərdən ibarət olmadığını, bəzən insanın ən dərin fəlsəfi suallarına çevrildiyini də ilk dəfə həmin dərslərdə anladım. O vaxtlar bunları nə qədər dərk etdiyimi bilmirdim. Amma indi anlayıram ki, Stella Yefimovna mənə notlardan daha qiymətli bir şey öyrədibmiş: musiqini dinləməyi, onun arxasındakı insanı duymağı.
Uşaqlıq bitdi. Sonra institut illəri, aspirantura, iş həyatı… İllər bir-birini əvəz etdi.
Bir gün ayaqlarım məni köhnə musiqi məktəbimizə gətirib çıxardı. 26-lar bağının yanındakı çiçəkçidən bir dəstə gül aldım. Stella Yefimovnanı görəcəkdim. Bəlkə məni tanımayacaqdı, bəlkə də, adımı deyən kimi xatırlayacaqdı. Oturub söhbət edəcək, ona keçmişlərimdən, Malerdən, Viskontinin “Venetsiyada ölüm” filminin musiqisindən danışacaqdım. Və ona” hər şey üçün sağ olun” deyəcəkdim.
Amma məktəbdə dedilər ki, Stella Yefimovna İsrailə – tarixi vətəninə köçüb.
Əlimdəki güllər birdən-birə ünvanını itirdi.
2019-cu ildə – 42 il sobra onu Facebook-da tapdım. Uşaq kimi sevindim. Deməli, Stella Yefimovnam yaşayırdı! Ona yazacaqdım. Elə bir məktub ki, oxuyanda Bakını, musiqi məktəbini, illər əvvəl dərs dediyi o uşaqları xatırlasın. Bilsin ki, şagirdlərindən biri onu heç vaxt unutmayıb. İstəyirdim, məktubumu oxuyanda dünyanın ən mutlu müəlliməsi olsun.
Əvvəlcə Messenger-də salam verdim, dedim ki, mənəm.
Cavab gəlmədi.
Günlər keçdi. Ağlıma min cür fikir gəldi. Görəsən, mesajımı görmüşdümü? Bəlkə də, artıq bu səhifədən istifadə etmirdi? Sonra daha pis ehtimallar düşündüm…
Yazmaq istədiyim uzun məktub da elə niyyət olaraq qaldı.
Həyatın ən ağır peşmanlıqlarından biri, yəqin ki, vaxtında deyilməyən sözlərdir. İnsan bəzən minnətdarlığını belə sabaha saxlayır. Elə bilir, qarşıda hələ çox sabahlar var.
Bu yaxınlarda Stella Yefimovna yenə yadıma düşdü. Onun dərsləri, musiqi məktəbimiz, ünvanına çatmayan güllərim… Nədənsə bir dəfə də şansımı sınamaq istədim. Facebook səhifəsini açıb yenidən yazdım:
“Salam, Stella Yefimovna. Mən sizin şagirdiniz…”
Heç bir dəqiqə keçməmiş telefonuma mesaj gəldi.
Əlim əsə-əsə açdım:
“Salam! Necə də gözlənilməz məktub… Necə də xoşdur mənə…”
Stella Yefimovna idi!
İnana bilmirdim. İsraildən gələn o bir neçə cümlə illərin məsafəsini bir anda aradan götürmüşdü. Aradan onilliklər keçmişdi…
Dünyanın xəritəsi dəyişmiş, ölkələr dağılmış, yeni dövlətlər yaranmışdı. Zaman hamımızı dəyişmişdi. Amma mənim üçün o, gəncəcik Stella Yefimovna idi. Bir zamanlar dərsini səbirsizliklə gözlədiyim əziz müəlliməm.
Stella Yefimovnaya ondan bir neçə yazımda söz açdığımı, hətta kitabımda da bəhs etdiyimi söylədim. Bu sevincimin içində bir az da uşaqlıq vardı. Sanki illər əvvəl müəlliməmin qarşısında dayanmış, çətin bir musiqi parçasını nəhayət düzgün ifa etmişdim. Və onun üzündəki təbəssümü görürdüm.
Axşam Malerin İkinci simfoniyasını – “Diriliş”i dinlədim.
Ölüm, xatirə, itki, ümid və diriliş haqqında bu möhtəşəm əsər mənim üçün həmin gecə tamam başqa cür səslənirdi. Musiqinin içindən uzaq uşaqlığım, köhnə məktəbimiz, Stella Yefimovnanın dərsləri boylanırdı.
Oturub kiçik bir esse yazdım.
Bu yazını klassik musiqini mənə sevdirən, Qustav Malerin əzəmətli dünyasının qapılarını üzümə açan əziz müəlliməm Stella Yefimovna Kundışa ithaf edirəm.
Bəlkə də, illərdir yazıb bitirə bilmədiyim o məktubun bir parçasıdır bu yazı…
ÖLÜMÜN SON SÖZÜ OLMAYACAQ
Stella Yefimovna Kundışa
Bəzi musiqilər insanı həyata qaytarır. Qustav Malerin İkinci simfoniyası isə daha çətin bir işə girişir: ölümün özündən cavab tələb edir. Təxminən səksən dəqiqə ərzində nəhəng orkestr, iki solist və xor insan varlığının ən qədim sualı ətrafında dövr edir: hər şey məzarda bitirsə, yaşamağın, sevməyin, əzab çəkməyin mənası nədir?
Maler bu əsəri 1888-ci ildə yazmağa başladı. Simfoniyanın tamamlanması 1894-cü ilə qədər uzandı. İlk hissə əvvəlcə müstəqil simfonik poema idi: “Totenfeier” – “Dəfn mərasimi”. Do-minorun sərt intonasiyaları, kontrabasların həyəcanlı tremolosu, mis nəfəsli alətlərin amansız çağırışları… “Allegro maestoso” adi matəm musiqisi deyil. Burada orkestr ağlamır, sorğu-sual edir. Birinci simfoniyanın qəhrəmanı sanki artıq tabutdadır, sağ qalanlar isə onun taleyi qarşısında dayanıb.
Bu suallar bəstəkar üçün yalnız fəlsəfi mücərrədlik deyildi. Uşaqlığında bacı-qardaşlarının ölümlərini görmüşdü. 1889-cu ildə isə bir neçə ayın içində atasını, bacısı Leopoldinanı və anasını itirdi. İlk hissə bu faciələrdən əvvəl yazılmışdı; deməli, simfoniyanı həmin itkilərin birbaşa musiqi təsviri saymaq doğru olmaz. Ancaq sonrakı illərdə yaşadığı yas əsərin məna üfüqünü dəyişirdi. Maler ölümlə ilk dəfə not dəftərində qarşılaşmamışdı.
Üstəlik, Leypsiqdə Marion fon Veberlə yaşadığı mürəkkəb məhəbbət münasibətinin qırılması da onu sarsıtmışdı. Dirijor kürsüsündə parlaq karyera quran bu gənc musiqiçi bəstəkar kimi hələ öz yerini axtarır, anlaşılmamaqdan əziyyət çəkirdi. Əsərin qaranlıq atmosferini tək bir hadisə ilə izah etmək mümkünsüzdür.
Beşinci simfoniyanın arfa və simli alətlər üçün yazılmış məşhur “Adagietto”su Almaya ünvanlanmış məhəbbət məktubu kimi qəbul edilir. İkinci simfoniyada isə bir qadına deyil, bütün insanlığa müraciət var. Şəxsi itki burada ümumbəşəri suala çevrilir. Hələ Alma ilə tanış olmayan Maler insanın bir başqasını itirməsini deyil, itirməyin özünü anlamağa çalışırdı.
Birinci hissənin sarsıdıcı dramatizmindən sonra “Andante moderato” tamam başqa mənzərə açır. Avstriyalı kəndlilərin rəqsi – “ländler” incə, az qala Şubertvari zərifliklə səslənir. Üçpaylı ritm, yumşaq legato, simli alətlərin şəffaf fakturası keçmiş xoşbəxtliyin xatirəsini oyadır. Lakin bu, geri dönə biləcəyimiz keçmiş deyil. Xatirənin acı gözəlliyi elə bundadır: biz onun gerçəkliyinə inanırıq, amma oraya qayıda bilmirik.
Maler ilk hissədən sonra beş dəqiqəlik fasilə tələb edirdi. Dinləyicinin də yasdan xatirəyə keçmək, eşitdiyi faciəni içində yerləşdirmək üçün vaxta ehtiyacı vardı. Bu fasilə sanki musiqinin özünə daxil edilmiş bir nəfəsdir.
Üçüncü hissə – “Scherzo” bu romantik təsəllini amansız ironiya ilə dağıdır. Maler burada “Müqəddəs Antoninin balıqlara moizəsi” mahnısının melodiyasına müraciət edir. Balıqlar moizəni dinləyir, sonra əvvəlki həyatlarına qayıdırlar; heç nə dəyişmir. Dövrə vuran ritmik fiqurlar, qrotesk orkestr rəngləri, qəfil dinamik partlayışlar insanın mənasız təkrarlar içində ilişib qalmasını xatırladır. Bu musiqidə gülüş də var, amma o gülüşün altından ümidsizlik görünür.
Dördüncü hissə – “Urlicht” (İlkin işıq)sanki başqa aləmdən gələn səsdir. Alt solistin sadə, təntənəsiz oxusu orkestrin nəhəng imkanlarından daha təsirli olur. “Mən Tanrıdan gəlmişəm, Tanrıya qayıtmaq istəyirəm” fikri burada teoloji mübahisə yox, yorulmuş insanın ürəkdən gələn arzusudur. Maler böyük həqiqətləri bəzən ən alçaq səslə söyləməyin mümkün olduğunu bilirdi.
Ancaq final illərlə tapılmırdı.
1894-cü ilin martında Hamburqda dirijor Hans fon Bülovun anım mərasimində xor Fridrix Klopstokun “Diriliş” himnini oxudu:
“Diriləcəksən, bəli, diriləcəksən…”
Maler axtardığı cavabı birdən eşitdi. Hadisənin bir başqa tərəfi də vardı: bir vaxtlar “Totenfeier”i dinləyəndə qulaqlarını tutmuş Bülov, ölümündən sonra həmin əsərin tamamlanmasına yol açmışdı.
Maler Klopstokun misralarını götürdü, lakin bununla kifayətlənmədi. Öz sözlərini əlavə etdi:
“Yaranmış hər şey məhv olmalıdır! Yox olmuş hər şey yenidən dirilməlidir!”
Beləcə, dini himn insanın öz taleyi ilə apardığı dialoqa çevrildi.
Final əvvəlcə apokaliptik orkestr tufanıdır: uzaqdan gələn fanfaralar, mis nəfəsli alətlərin sərt akkordları, zərb alətlərinin sarsıdıcı zərbələri. Sonra gözlənilməz hadisə baş verir. Bu qədər səsin ardınca xor “pianissimo” ilə, demək olar, pıçıltı kimi daxil olur. Əvvəl ölümün gurultusunu eşidirik, sonra dirilişin astadan deyilən vədini. Səs tədricən böyüyür, soprano və alt ona qoşulur, orqan və bütün orkestr monumental apofeoza yüksəlir.
Bethoven Doqquzuncu simfoniyasında insan səsini qardaşlıq ideyasının daşıyıcısına çevirmişdisə, Maler həmin ənənəni ölümün o tayına aparır. Onun xorunda qalib ordunun təntənəsi deyil, qorxunu aşan insanların birgə nəfəsi var.
Burada Malerin inamı sadə dini əminlikdən genişdir. O, insanın çəkdiyi ağrının, sevdiyi insanların, uğrunda mübarizə apardığı şeylərin heçə çevrilməsinə razı olmur. Simfoniyanın ən mühüm cümləsi, bəlkə də, budur:
“Yaşamağın da, əzab çəkməyin də əbəs deyildi”.
1895-ci ildə Berlində ilk dəfə bütöv səslənən bu əsər ölüm haqqında yazılmış böyük bir həyat müdafiəsidir. Maler bizə ölümsüzlüyün sübutunu vermir. O, yalnız insanın belə bir cavaba niyə möhtac olduğunu orkestrin, insan səsinin və musiqinin bütün gücü ilə duyurur.
Və finalda ölüm susur. Çünki bu dəfə son sözü musiqi deyir.

media-adspc

Bənzər xəbərlər