Baş məşqçi: Dünya çempionatında əvvəlki nəticəmizdən daha yaxşısına ümid edirik
Kişi yığmamız təxminən bir ildir dünya çempionatına hazırlaşır. Komandamız təlim-məşq toplanışlarında ciddi hazırlıq keçib. Ölkəmiz ilk dəfədir ki, bu yarışa ev sahibliyi edir. Bu çempionat həm bizim, həm də idmançılarımız üçün böyük təcrübədir. Komandamız yüksək əhvali-ruhiyyə və əzmlə yarışa hazırlaşıb. İdmançılarımızdan uğurlu nəticələr gözləyirik.
ERAmedia xəbər verir ki, bunu Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı barədə danışan Azərbaycan komandasının baş məşqçisi Orxan Mustafayev deyib.
O bildirib ki, ev sahibi ölkə kimi komandadan gözləntilər daha böyükdür: “Üzərimizə ciddi məsuliyyət düşür. Bu məsuliyyəti layiqincə yerinə yetirmək üçün məşqçilər korpusu və idmançılarımız böyük ruh yüksəkliyi və əzmlə hazırlaşıblar. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Baş məşqçinin sözlərinə görə, bu idman növü ümumilikdə dörd yarış növündən ibarətdir: “Artıq yarışlara start verilib və komandamız hücum nərdivanı növündə nəticə göstərib. Ən böyük ümidimiz isə yarışın dördüncü günü keçiriləcək döyüş açılışı növünədir. Bu, həm də bizim peşəmizlə bağlı olduğu üçün həmin növə xüsusi hazırlaşmışıq. Komandamız dünya çempionatlarında və beynəlxalq turnirlərdə dəfələrlə iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növündə üçüncü yeri tutmuşuq. İnanırıq ki, ölkəmizdə, paytaxtımızda keçirilən yarışda həmin nəticəni təkrarlaya və daha yüksək nailiyyət əldə edə bilərik”.









