media-maliyye

Orta Şərqdə gərginliklərin azalmasına dair inkişaflar maliyyə bazarlarının istiqamətinə təsir göstərməyə davam edir.

ERAmedia xəbər verir ki, ABŞ–İran xəttində müsbət xəbərlərin artması yaxın zamanda regionda gərginliyin sona çata biləcəyi ilə bağlı ümidləri gücləndirib. ABŞ Dövlət katibi Marko Rubio İranla aparılan danışıqlarda müsbət siqnalların olduğunu bildirib.

Analitiklərin sözlərinə görə, regionda gərginliyin əvvəlki həftələrlə müqayisədə nisbətən sabit qalması tərəflərin istənilən anda razılaşma əldə edə biləcəyi ilə bağlı nikbinliyi dəstəkləyir.

Bununla yanaşı, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saatda Hörmüz boğazından 31 gəminin keçdiyini açıqlayıb. Bölgədə vəziyyətin yumşalacağı gözləntiləri enerji təchizatı ilə bağlı narahatlıqları azaldıb. Dünən Brent markalı neftin qiyməti 8 maydan bəri ilk dəfə 100 dolların altına enib.

Digər tərəfdən, ABŞ-li milyarder İlon Maskın rəhbərlik etdiyi Space Exploration Technologies Corp. (SpaceX) şirkətinin IPO (birja çıxışı) üçün müraciət etməsi və süni intellekt çatbotu ChatGPT-nin yaradıcısı OpenAI-nin də səhmlərinin birjada ticarətə çıxarılması planları risk iştahını artırıb.

Analitiklər bildirirlər ki, yüksək böyümə potensialına malik iri texnoloji şirkətlərin birjaya çıxması kapital bazarlarının dərinliyini artıra bilər və bu proses investorların texnologiya sektoruna marağını gücləndirir.

Digər tərəfdən, neft qiymətlərinin yaratdığı inflyasiya təzyiqləri ilə bağlı ABŞ-də narahatlıqlar davam edir. Federal Ehtiyat Sisteminin (FED) rəsmilərinin açıqlamaları isə diqqətlə izlənilir.

“Richmond” FED rəhbəri Tomas Barkin faiz artımının tədarük şoklarının yaratdığı inflyasiyanı həll etməyəcəyini bildirib. O qeyd edib ki, inflyasiya şokları davam edərsə, FED buna reaksiya verməli olacaq.

“Chicago” FED rəhbəri Austan Qoolsbi isə ABŞ-də ciddi inflyasiya problemi olduğunu, lakin əmək bazarının sabit qaldığını deyib. O, FED-in daha çox inflyasiya hədəfinə fokuslandığını vurğulayıb.

Makroiqtisadi göstəricilərə görə, ABŞ-də ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 16 may həftəsində 3 min azalaraq 209 minə düşüb və gözləntilərin bir qədər altında qalıb.

Ölkədə istehsal sektoru üzrə Satınalma Menecerləri İndeksi (PMI) may ayında 55,3-ə yüksələrək son 48 ayın ən yüksək səviyyəsinə çatıb və proqnozları üstələyib.

Neft qiymətlərinin azalmasının inflyasiya təzyiqlərini məhdudlaşdıra biləcəyi gözləntiləri ilə istiqraz bazarında satış təzyiqi zəifləyib. ABŞ 10 illik istiqrazlarının gəlirliliyi 4,56%-ə enib, yeni gündə isə sabit qalıb.

Qızılın unsiya qiyməti dünən sabit qalsa da, bu gün 0,3% azalaraq 4 528 dollar səviyyəsində ticarət olunur. Dollar indeksi isə 99,2 səviyyəsində dar diapazonda hərəkət edir. Brent neftinin qiyməti isə 1% ucuzlaşaraq 101 dollar olub.

Korporativ sektorda Nvidia şirkəti 26 aprel tarixində başa çatan üç aylıq dövrdə gəlirinin illik 85%, xalis mənfəətinin isə 211% artdığını açıqlayıb. Güclü nəticələrə baxmayaraq, şirkətin səhmləri təxminən 2% ucuzlaşıb.

Bu fonda ABŞ birjalarında S&P 500 indeksi 0,17%, Nasdaq 0,09%, Dow Jones isə 0,55% artıb. Dow Jones tarixi maksimum səviyyədə bağlanıb. ABŞ fond fyuçersləri isə günü müsbət əhval-ruhiyyə ilə başlayıb.

Avropa birjalarında Böyük Britaniya istisna olmaqla satış təzyiqi müşahidə olunub. İnvestorların diqqəti Almaniyanın iqtisadi artım göstəricilərinə yönəlib.

“Avrozonada S&P Global” tərəfindən açıqlanan ilkin məlumatlara görə, may ayında kompozit PMI 47,5-ə, sənaye PMI 51,4-ə, xidmət sektoru PMI isə 46,4-ə düşüb.

Avropa Komissiyası Yaxın Şərqdəki müharibə nəticəsində artan enerji qiymətlərini əsas gətirərək Almaniyanın 2026-cı il üçün iqtisadi artım proqnozunu 1,2%-dən 0,6%-a endirib.

Bununla FTSE 100 indeksi 0,11% artıb, DAX 40 0,53%, CAC 40 0,39% azalıb, FTSE MIB isə sabit qalıb. Avropada fyuçers bazarlarında qarışıq əhval-ruhiyyə davam edir.

Asiya bazarlarında müsbət dinamika müşahidə olunur. Yaponiyada isə inflyasiya aprel ayında gözləntilərin altında qalaraq zəifləmə göstərib.

Ölkədə illik inflyasiya 1,4% olub və mart göstəricisindən aşağı enib. Çekirdek inflyasiya da 1,4% səviyyəsində qalaraq Yaponiya Mərkəzi Bankının (BoJ) hədəfindən aşağıda olub.

Orta Şərqdən gələn inflyasiya riskləri səbəbindən bazarlarda BoJ-un iyun ayında faiz artıra biləcəyi gözləntiləri güclü qalır.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər