media-5-7

Beynəlxalq münasibətlər sistemində elə səfərlər olur ki, onların əhəmiyyəti imzalanan sənədlərin sayından daha çox verdiyi siyasi mesajların miqyası ilə ölçülür.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana son səfəri də məhz bu baxımdan qiymətləndirilməli, kollektiv Avropanın Güney Qafqaza baxışında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

ERAmedia-ya açıqlamasında sabiq deputat bildirib ki, ilk baxışdan enerji, nəqliyyat və regional əməkdaşlıq gündəliyi ilə müşayiət olunan səfər əslində Avropa İttifaqının regiona münasibətində ciddi konseptual dəyişikliklərin göstəricisidir.

Onun sözlərinə görə, son 5-6 ildə Avropa İttifaqının xarici siyasət prioritetlərində mühüm transformasiya baş verib. Əgər əvvəlki dövrlərdə Azərbaycanla münasibətlərdə demokratiya, insan hüquqları və qanunun aliliyi məsələləri ön planda idisə, sonrakı mərhələdə enerji təhlükəsizliyi əsas istiqamətə çevrilmişdi. Hazırda isə münasibətlər daha geniş geosiyasi və geoiqtisadi kontekstdə formalaşır.

Q. Əlibəyli qeyd edib ki, bu gün nəqliyyat dəhlizləri, rəqəmsal bağlantılar, yaşıl enerji, regional inteqrasiya və sülhün iqtisadi əsaslarının yaradılması Avropa İttifaqının bütövlükdə Güney Qafqaza, xüsusilə də Azərbaycana yönəlmiş strategiyasının əsas istiqamətlərini təşkil edir.

Sabiq deputatın fikrincə, bu transformasiya təsadüfi deyil və müasir beynəlxalq münasibətlər sistemində yaranmış yeni geosiyasi və geoiqtisadi reallıqlardan irəli gəlir. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın və Orta Şərqdə davam edən silahlı qarşıdurmalar, eləcə də böyük dövlətlər arasında geosiyasi rəqabətin kəskinləşməsi Avropaya göstərib ki, enerji təhlükəsizliyinə artıq yalnız iqtisadi məsələ kimi yanaşmaq mümkün deyil.

Q. Əlibəyli vurğulayıb ki, ənənəvi strateji marşrutlarda yaranan risklər, Rusiya üzərindən keçən şimal dəhlizinin təhlükəsizliyi ilə bağlı problemlər, həmçinin Hürmüz boğazı ətrafında davam edən gərginlik logistika və nəqliyyat marşrutlarını qlobal geosiyasi rəqabətin əsas alətlərindən birinə çevirib.

Onun sözlərinə görə, XX əsrdə qlobal təhlükəsizlik əsasən hərbi və siyasi ittifaqlar üzərində qurulurdusa, XXI əsrdə enerji xətləri, dəmir yolları, limanlar, elektrik şəbəkələri və rəqəmsal infrastruktur dövlətlərin təhlükəsizliyinin və beynəlxalq nüfuzunun əsas elementlərinə çevrilib.

Q. Əlibəyli xatırladıb ki, amerikalı strateq Edvard Lütvak hələ ötən əsrin sonlarında dövlətlər arasında rəqabətin hərbi müstəvidən iqtisadi və logistika müstəvisinə keçəcəyini proqnozlaşdırmışdı və bu proqnoz bu gün öz təsdiqini tapır.

Sabiq deputat bildirib ki, məhz buna görə Avropa İttifaqı alternativ nəqliyyat və kommunikasiya xətlərinin inkişafına xüsusi önəm verir. Onun fikrincə, Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropa üçün təkcə iqtisadi deyil, həm də strateji və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır.

Q. Əlibəyli qeyd edib ki, Ursula fon der Lyayenin Bakıya səfəri zamanı verilən mesajlar da bu yanaşmanın praktik ifadəsidir. Onun sözlərinə görə, Avropa İttifaqı artıq Azərbaycana yalnız etibarlı enerji tərəfdaşı kimi deyil, Avropa ilə Mərkəzi Asiya və Uzaq Şərq arasında strateji bağlantını təmin edən dövlət kimi yanaşır.

Ekspert bildirib ki, səfər zamanı “Peace through Connectivity” təşəbbüsünün elan edilməsi, “Global Gateway” proqramı çərçivəsində nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinə əlavə maliyyə dəstəyinin nəzərdə tutulması Avropa İttifaqının region siyasətində iqtisadi inteqrasiyaya üstünlük verdiyini göstərir.

Onun fikrincə, Azərbaycan son iyirmi ildə məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirib və enerji layihələrinin şaxələndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, Xəzərin tranzit potensialının genişləndirilməsi bu gün ölkəyə mühüm siyasi dividendlər qazandırır.

Q. Əlibəyli vurğulayıb ki, əgər iyirmi il əvvəl Azərbaycanın əsas üstünlüyü karbohidrogen ehtiyatları idisə, bu gün ölkənin əsas üstünlüyü onun geostrateji mövqeyidir. Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat arteriyalarının kəsişməsində yerləşməsi və bunun müasir infrastrukturla dəstəklənməsi ölkənin beynəlxalq əhəmiyyətini daha da artırıb.

Sabiq deputat hesab edir ki, Avropa üçün Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, həm də Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Türk dünyasını, Çin və Uzaq Şərqi Avropa ilə birləşdirən mühüm geosiyasi platformadır.

Q. Əlibəylinin sözlərinə görə, Ursula fon der Lyayenin Azərbaycanın etibarlı tərəfdaş olduğunu xüsusi vurğulaması da təsadüfi deyil. O qeyd edib ki, Brüssel artıq əməkdaşlığı yalnız enerji ilə məhdudlaşdırmır, yaşıl enerji, nəqliyyat, rəqəmsal əlaqələr və regional sabitlik eyni strateji paketdə nəzərdən keçirilir.

Sabiq deputat bildirib ki, Azərbaycanın çoxtərəfli xarici siyasət modeli ölkəyə dəyişən geosiyasi şəraitdə daha geniş manevr imkanları qazandırıb və Avropa İttifaqı da artıq bu reallığı qəbul edərək Azərbaycanı regionun əsas strateji tərəfdaşlarından biri kimi qiymətləndirir.

Q. Əlibəyli hesab edir ki, Avropa İttifaqı ilk dəfə olaraq Güney Qafqaza yalnız münaqişə məkanı kimi deyil, Avropa ilə Asiya arasında yeni iqtisadi məkanın formalaşdığı strateji region kimi yanaşır. Bununla yanaşı, Bakıda regional əməkdaşlıq gündəliyinin, ardınca isə İrəvanda iqtisadi inteqrasiya ilə bağlı mesajların verilməsi Brüsselin regionda uzunmüddətli iştirak niyyətindən xəbər verir.

Sabiq deputat əlavə edib ki, yaranmış yeni geosiyasi şərait Azərbaycandan da əlavə məsuliyyət tələb edir. Onun sözlərinə görə, etibarlı tərəfdaş imicinin qorunması, nəqliyyat və enerji layihələrinin inkişaf etdirilməsi, regional əməkdaşlığın genişləndirilməsi, balanslaşdırılmış xarici siyasətin davam etdirilməsi və daxili siyasətdə Avropa İttifaqının elan etdiyi dəyərlərə uyğun islahatların aparılması ölkənin beynəlxalq mövqeyini daha da gücləndirə bilər.

Q. Əlibəyli sonda bildirib ki, Ursula fon der Lyayenin Bakı və İrəvana səfəri Avropa İttifaqının Güney Qafqaza baxışında yeni geosiyasi mərhələnin konturlarını ortaya qoyub. Onun fikrincə, Azərbaycan artıq yalnız enerji ixrac edən dövlət deyil, Avropa ilə Asiyanı birləşdirən geoiqtisadi məkanın əsas aktorlarından birinə çevrilməkdədir və yeni geosiyasi rəqabətin passiv müşahidəçisi yox, onun formalaşdığı əsas platformalardan birində fəal iştirak edir.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər