AZAL Qarsa birbaşa uçuşlara başlayır
“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Türkiyənin Qars şəhərinə birbaşa uçuşlara başlayır.
ERAmedia-ya AZAL-dan bildirilib ki, Qars aviaşirkətin Türkiyə üzrə marşrut şəbəkəsində 9-cu istiqamət olacaq. Bununla da, Türkiyə AZAL-ın ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Yeni marşrut Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatının qarşılanmasına, eyni zamanda, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Məlumata görə, Bakı-Qars-Bakı marşrutu üzrə ilk reys iyulun 30-da həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlərin satışı artıq başlanıb.
Qeyd olunub ki, Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış turizminin məşhur məkanlarından olan Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, bölgə zəngin mətbəxi və təbii gözəllikləri ilə də turistlərin diqqətini cəlb edir.
Yeni marşrut Türkiyənin şərq bölgələrində yaşayan, eləcə də Azərbaycandan səfər edən sərnişinlər üçün birbaşa və rahat səyahət imkanı yaradacaq. Reyslərin turizm, ailə ziyarətləri və işgüzar səfərlər baxımından da əlavə imkanlar açacağı bildirilir.
Biletləri AZAL-ın rəsmi internet səhifəsi, mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.










