media-17836179595880037888_1200x630

Süni intellektin idarəolunması artıq təkcə texnologiya siyasətinin deyil, milli təhlükəsizliyin, rəqəmsal suverenliyin və iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilir. Bu mesaj BMT-nin İsveçrənin Cenevrə şəhərində keçirilən süni intellektin idarəolunması üzrə ilk Qlobal Dialoqun (“Global Dialogue on AI Governance”) əsas müzakirə mövzularından olub.

ERAmedia xəbər verir ki,Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, iyulun 6-7-də BMT-nin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə keçirilən tədbirdə xidmətin əməkdaşları da iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş çıxışında süni intellekt texnologiyalarının inkişaf sürətinin mövcud idarəetmə mexanizmlərini üstələdiyini bildirərək, AI sistemlərinin insan hüquqlarına, təhlükəsizliyə və cəmiyyətə təsirlərinin idarəolunması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Forum çərçivəsində keçirilən sessiyalarda AI sistemlərinin təhlükəsizliyi, kibertəhlükəsizlik, dezinformasiyaya qarşı mübarizə, dövlət idarəçiliyində süni intellektdən istifadənin prinsipləri və etibarlı AI ekosisteminin formalaşdırılması məsələləri müzakirə olunub.

Xüsusilə “Artificial Insecurity: AI and Cybersecurity” sessiyasında böyük dil modelləri (LLM), agentəsaslı süni intellekt sistemləri və generativ AI texnologiyalarının yaratdığı yeni kibertəhlükəsizlik riskləri diqqət mərkəzində olub. Ekspertlər AI həllərinin hazırlanmasının ilk mərhələsindən etibarən “security-by-design” və “trustworthy AI” prinsiplərinin tətbiqinin vacibliyini qeyd ediblər.

“Information Integrity in the Age of AI” sessiyasında isə “deepfake” texnologiyalarının, generativ AI vasitəsilə yayılan dezinformasiyanın və informasiya manipulyasiyasının yaratdığı risklər müzakirə edilib. Bildirilib ki, informasiya təhlükəsizliyi artıq yalnız texniki deyil, həm də milli təhlükəsizlik və ictimai etimad məsələsidir.

Bununla yanaşı, qlobal AI idarəçiliyi, beynəlxalq əməkdaşlıq mexanizmləri və dövlət institutlarının bu sahədə potensialının gücləndirilməsi müzakirələrin əsas istiqamətlərindən olub. “Microsoft”un təşkil etdiyi paneldə isə Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyanın süni intellekt strategiyalarının uğurlu təcrübəsi təqdim edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, tədbirdə iştirak süni intellektin təhlükəsiz tətbiqi, AI idarəçiliyi, kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl yanaşmaların izlənilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.


media-adspc

Bənzər xəbərlər