media-17807497272971961600_1200x630

Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca ərzaq itkilərinin azaldılması istiqamətində kompleks tədbirlər həyata keçirir. 2015-ci illə müqayisədə ərzaq itkiləri əhəmiyyətli dərəcədə azalıb. Bu göstərici 2020-ci ildə 8, 2021-ci ildə 40, 2022–2024-cü illərdə isə 38 faiz azalıb. 2024-cü ildə ölkədə ərzaq itkiləri istehsal olunan məhsulların 1,7 faizini təşkil edib. Halbuki bu göstərici 2015-ci ildə 2,7 faiz olub.

ERAmedia xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov İstanbulda “Məhsul yığımından sonrakı itkilərin azaldılması – ərzaq təchizatı zəncirində səmərəliliyin artırılması” mövzusunda keçirilən kənd təsərrüfatı üzrə yüksəksəviyyəli nazirlər panelində çıxışı zamanı söyləyib.

O, bu çərçivədə müasir logistika infrastrukturunun inkişafının məhsul yığımından sonrakı idarəetmənin təkmilləşdirilməsi, məhsul keyfiyyətinin qorunması, saxlama və paylama sistemlərinin səmərəliliyinin artırılması baxımından əsas prioritetlərdən biri kimi müəyyən edildiyini bildirib.

“Buna uyğun olaraq, Azərbaycanın kənd təsərrüfatının inkişaf strategiyasında 2030-cu ilədək əlavə 100 min ton soyuducu saxlama gücünün və 150 min ton müasir taxıl silosu tutumunun yaradılması nəzərdə tutulur. Bu investisiyaların ərzaq və məhsul yığımından sonrakı itkilərin daha da azaldılmasına, kənd təsərrüfatı dəyər zəncirinin gücləndirilməsinə, bazarlara çıxış imkanlarının genişləndirilməsinə və milli ərzaq təhlükəsizliyinə töhfə verəcəyi gözlənilir. Məqsədimiz yalnız daha çox ərzaq istehsal etmək deyil, həm də onu daha səmərəli və dayanıqlı şəkildə qorumaq, paylamaq və istehlakçılara çatdırmaq olmalıdır”, – deyə nazir əlavə edib.

 


media-adspc

Bənzər xəbərlər