Azərbaycan musiqisinin incisi yenidən gündəmdə
Azərbaycan musiqi sənətinin tanınmış nümunələrindən olan “Bayram şamları” mahnısı ilə bağlı məlumat sosial şəbəkələrdə geniş paylaşılıb.
ERAmedia xəbər verir ki, paylaşımda mahnının yaranma tarixi, müəllifləri və ifaçısı haqqında məlumat verilib. Qeyd olunub ki, əsərin sözləri görkəmli dramaturq və şair Şıxəli Qurbanova, musiqisi isə tanınmış bəstəkar Cahangir Cahangirova məxsusdur. Mahnı Azərbaycan SSR xalq artisti Şövkət Ələkbərovanın ifasında geniş şöhrət qazanaraq uzun illərdir dinləyicilərin rəğbətini qazanıb.
Paylaşımda həmçinin vurğulanıb ki, müxtəlif dövrlərdə Azərbaycan musiqi nümunələrinin mənimsənilməsi cəhdləri müşahidə olunub. Bildirilib ki, “Bayram şamları”, eləcə də Şövkət Ələkbərovanın repertuarında yer alan digər məşhur mahnılarla bağlı internet məkanında yanlış təqdimatlara rast gəlinib.
Məlumata görə, aidiyyəti dövlət qurumları tərəfindən müəllif hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib və Azərbaycan musiqi irsinin mənsubiyyəti ilə bağlı həqiqətlərin beynəlxalq platformalarda tanıdılması üçün işlər aparılıb.
Paylaşımda qeyd edilir ki, “Bayram şamları” mahnısının ilk ifalarından biri Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə lentə alınıb. Bildirilir ki, əsərin arxiv yazıları bu gün də Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda qorunub saxlanılır və milli musiqi irsinin dəyərli nümunələrindən biri hesab olunur.
Vüsalə










