media-tahir-mirkisili

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana və Ermənistana həyata keçirdiyi səfərlər iqtisadi baxımdan fərqli məzmun daşıyır.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, hər iki səfər Avropa İttifaqının region ölkələrinə münasibətdə iqtisadi prioritetlərini aydın şəkildə ortaya qoyur.

Deputatın sözlərinə görə, Bakıya səfərin əsas iqtisadi mesajı Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqı üçün təkcə enerji mənbəyi deyil, həm də Avropa–Xəzər–Mərkəzi Asiya bağlantısının əsas dayaqlarından biri kimi qiymətləndirilməsidir.

O qeyd edib ki, Avropa İttifaqı “Peace through Connectivity” çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avroya qədər qrant ayıracağını, bunun isə 2 milyard avroya qədər dövlət və özəl investisiyanın səfərbər olunmasına imkan yaradacağını açıqlayıb. Potensial layihələr sırasında Naxçıvan dəmir yolu bağlantısı və Bakı Limanının inkişafı da yer alır.

Tahir Mirkişili bildirib ki, İrəvana səfərin əsas iqtisadi mesajı isə Ermənistan iqtisadiyyatının diversifikasiyasının, bazarlarının şaxələndirilməsinin və siyasi seçimlərinin iqtisadi dayanıqlığının dəstəklənməsinə yönəlib. Onun sözlərinə görə, səfər daha çox Ermənistanın Rusiya bazarından asılılığının azaldılması və Avropa İttifaqı bazarına çıxış imkanlarının genişləndirilməsi üzərində qurulub.

Deputat vurğulayıb ki, Avropa İttifaqı Ermənistana əlavə 18 milyon avro iqtisadi dəstək ayırdığını açıqlayıb. Bu vəsait daha əvvəl elan edilmiş 52 milyon avroluq yardım paketinin son hissəsini təşkil edir. Bundan əlavə, Ermənistan ixracının təxminən 80 faizi üçün gömrüksüz çıxış mexanizmi təklif olunur. Məqsəd Ermənistan məhsullarının Rusiya bazarından Avropa İttifaqı bazarına yönləndirilməsidir.

Tahir Mirkişilinin fikrincə, hər iki səfər arasında mühüm fərq mövcuddur. Belə ki, Azərbaycana yanaşma strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və regional bağlantı mərkəzi prizmasından təqdim edilir. Ermənistana münasibət isə əsasən iqtisadi yardım, dayanıqlılığın gücləndirilməsi, bazar diversifikasiyası və Rusiyadan iqtisadi asılılığın azaldılması istiqamətində formalaşdırılıb.

Deputatın qənaətincə, Avropa İttifaqı üçün Azərbaycan regional iqtisadi arxitekturanın daşıyıcı ölkəsi kimi çıxış edir, Ermənistan isə bu arxitekturaya sülh və açıq sərhədlər vasitəsilə inteqrasiya etməyə çalışan ölkə kimi qiymətləndirilir.


media-adspc

Bənzər xəbərlər